COP29, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfranslarının növbəti mühüm mərhələsi kimi qlobal iqlim siyasətində inklüziv yanaşmanı ön plana çıxardı. Bu yanaşma, müxtəlif maraqlı tərəflərin – dövlətlər, qeyri-hökumət təşkilatları, biznes sektoru və vətəndaş cəmiyyətlərinin birgə fəaliyyəti ilə bərabərhüquqlu əməkdaşlığın gücləndirilməsini hədəfləyir. COP29, xüsusilə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə alaraq daha təkmil maliyyə və texnoloji resurs bölgüsü üçün bir platforma yaratdı.
Belə bir yanaşma, iqlim dəyişikliyindən ən çox təsirlənən həssas ölkələrin səsini gücləndirərək, onların qərar qəbul etmə proseslərində iştirakını artırmağa yönəlmişdir. Xüsusilə, kiçik ada dövlətləri, az inkişaf etmiş ölkələr və marjinal icmaların nümayəndələri COP29 çərçivəsində öz prioritetlərini dünya liderlərinə çatdırmaq imkanı əldə etdilər.
Prezident İlham Əliyev COP29 Liderlər Sammitində çıxışı zamanı Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf sahəsində atdığı addımları vurğuladı. O, ölkənin bərpa olunan enerji mənbələrinin inkişafına verdiyi əhəmiyyət, yaşıl enerji potensialının artırılması və ekoloji siyasətin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verdi. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın regional və qlobal əməkdaşlıqlarda fəal iştirak etdiyini və iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini yerinə yetirməyə sadiq qaldığını bildirdi. Bu çıxış, Azərbaycanın qlobal səviyyədə etibarlı tərəfdaş və iqlim dəyişikliklərinə qarşı mübarizədə lider rolunu gücləndirmək məqsədini nümayiş etdirdi.
COP29-un ən mühüm nəticələrindən biri, inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər 1,3 trilyon ABŞ dolları həcmində maliyyə təmin etmək üçün yeni qlobal hədəfin müəyyənləşdirilməsi oldu. Bu maliyyə, istixana qazlarının azaldılması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və itki və zərərin kompensasiya edilməsini əhatə edir. Qərar, xüsusilə karbon emissiyalarını azaltmaqda çətinlik çəkən ölkələrin daha çox texnoloji və maliyyə dəstəyi əldə etməsinə şərait yaradacaq.
İnklüziv yanaşmanın digər mühüm aspekti, texnoloji biliklərin paylaşılması və inkişaf etməkdə olan ölkələrə texnologiya transferini asanlaşdırmaqdır. COP29 çərçivəsində qəbul edilən qərarlar, yaşıl texnologiyaların daha geniş miqyasda tətbiqi üçün mexanizmlərin yaradılmasını nəzərdə tutur. Bu, enerji keçidini sürətləndirmək və karbon neytrallığını təmin etmək baxımından strateji əhəmiyyət daşıyır.
Konfransda gender bərabərliyi və gənclərin iştirakının artırılması məsələləri də diqqət mərkəzində oldu. İqlim dəyişikliyinə qarşı mübarizədə qadınların və gənclərin fəal iştirakı, inklüziv yanaşmanın əsas komponenti kimi təqdim edildi. Bu yanaşma, sosial ədalətin təmin edilməsində mühüm rol oynayır.
COP29, Azərbaycanın qlobal iqlim siyasətində liderliyini və dayanıqlı inkişaf sahəsində irəliləyişlərini nümayiş etdirmək üçün mühüm platforma oldu. Dövlətimiz, regional əməkdaşlıq təşəbbüsləri, bərpa olunan enerji layihələri və dayanıqlı infrastruktur quruculuğu sahəsində irəliləyişlər göstərərək iqlim tədbirlərinə böyük töhfə verdi.
Bu mötəbər konfrans müxtəlif ölkələr və maraqlı tərəflər arasında dialoq və əməkdaşlığı gücləndirərək, bərabər və davamlı bir gələcək üçün mühüm qərarların qəbul edilməsinə imkan yaratdı. COP29, yalnız təcili iqlim tədbirlərinin həyata keçirilməsi baxımından deyil, həm də davamlı inkişaf məqsədlərinə nail olmaq üçün qlobal əməkdaşlığın vacibliyini gündəmə gətirdi.
Nurlan Həsənov
Milli Məclisin deputatı