“Bir ildi artıq “Boluspor”dayam. Gəldiyim ilk dönəmlərdə daha çox oynayırdım, əsas heyətdə çıxış edirdim. Həmin vaxt Super Liqaya yüksəlmək şansımız var idi. Bu mövsümün əvvəli də heyətdə yer alırdım. Amma son vaxtlar şans ala bilmirəm. Futbolda belə şeylər olur. Məşqlərimi davam etdirirəm. Məşqçidən mənə şans verməsini gözləyirəm. O da mənə güvəndiyini, şans verəcəyini deyir”.
Bu sözləri İdmanxeber.az saytına Türkiyə I Liqa klubu “Boluspor”da çıxış edən Vüsal İsgəndərli son vaxtlar forma şansı qazanana bilməməsi barədə danışarkən deyib. O, qış transfer dönəmində Türkiyə klubundan ayrılmaq ehtimalına da toxunub:
“Qış transfer dönəmi çətin olur. İndidən nəsə demək doğru olmaz. Azərbaycana qayıdıb-qayıtmayacağımı bilmərəm. Əslində burada çətinliyim yoxdu. Bundan əvvəl Albaniyada oynayırdım. İki ölkəni müqayisə edəsi olsaq, arada elə də ciddi fərq yoxdu. Düzdü, “Eqnatiya”da davamlı oynayırdım. Amma dediyim kimi, futbolda belə hallar olur. “Boluspor”da da hər şeyin düzələcəyini inanıram”.
Millimizin sabiq üzvü yığmanın Millətlər Liqasındakı nəticələrindən də danışıb. O, Fernandu Santuşdan dəvət gözləmədiyini də sözlərinə əlavə edib:
“Yığmaya çağrılmamağım normaldı. Çünki oynamıram. Milliyə adətən stabil çıxış edən futbolçular dəvət alır. Amma nəticələr yaxşı olmadı. Milliyə dəvət almasam da, bu nəticələr bir azərbaycanlı kimi məni də çox məyus etdi”.
Həsən Quluzadə