AZ

Anar Nəbiyev: Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsidir



Azərbaycan növbəti dəfə dünyanın diqqətini özünə yönəltdi.  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin yüksək səviyyədə ev sahibliyi hazırda dünya mətbuatında müzakirə olunan əsas mövzulardan biridir. Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev sosial şəbəkə hesablarında COP29-un nəticələri ilə bağlı paylaşımında bu tədbiri iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirdi.

Reallıq budur ki, Azərbaycan beynəlxalq aləmdə iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi tanınır və nüfuz qazanır. Ölkəmizin sabitləşdirici və birləşdirici aktora çevrilməsi beynəlxalq tədbirlərə ev sahibliyində öz sözünü deyir.  Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir. Bu, təkcə coğrafiya ilə bağlı deyil. Azərbaycan müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Bu gün Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin coğrafiyasına diqqət yetirmək kifayətdir. Regional çərçivədə qurulan əməkdaşlıq sonrakı illərdə beynəlxalq miqyas aldı. Azərbaycan daim əməkdaşlığa, birliyə, həmrəyliyə çağırışları ilə diqqətdədir. Qlobal problemlərin həllində  birgə səylərin göstərilməsinə edilən çağırışlar bütün dövrlərdə öz aktuallığını qoruyur. Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verdiyi töhfələr göz qabağındadır. COP29 iqlim dəyişmələrinə qarşı mübarizənin başlanğıcı oldu. Tədbirdə əldə olunan nəticələr Azərbaycanın  hər bir məsələdə mövqeyinin xüsusi  əhəmiyyət kəsb etdiyini təsdiqlədi. Bakı nailiyyəti dünyaya mühüm çağırışları etdi. Cənab İlham Əliyevin sözügedən paylaşımında qeyd etdiyi kimi, Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsidir. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Prezident İlham Əliyev COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığını bildirdi.

Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu təsdiqləyən xeyli sayda faktlar sadalamaq olar. Dövlətimizin başçısı COP29 çərçivəsində keçirilən görüşlərdə, həmçinin Liderlər Sammitində bu reallıqları  diqqətə çatdırdı ki, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə  sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar belə  düşünməyə imkan verir ki, Azərbaycan  iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilər. Eyni zamanda, ölkəmiz mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə  iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edir. Multikulturalizm  dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.

COP29 tədbirinin  davam etdiyi 11-23 noyabr tarixlərində keçirilən hər bir tədbir diqqəti Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlara yönəltdi. Ölkəmizin yeniliyə, təkmilləşməyə, birgə əməkdaşlıq nəticəsində yeni təcrübələrin tətbiqinə xüsusi önəm verməsi təqdir edildi.  COP29 Azərbaycanın xarici siyasət uğurlarının təqdimatı oldu. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları tədbirdə mühüm qərarların qəbulunda, təşəbbüslərin irəli sürülməsində əhəmiyyətli rol oynadı. COP29-un nəticələrindən bəhs edərkən bu reallıq xüsusi qeyd edilir ki, Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Ancaq buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən - ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır.

COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı  fövqəladə maliyyə məqsədli konfrans idi. Buna görə ortaq qərara gəlib çıxmaq, müzakirələri nəticəyə bağlamaq asan olmadı. Ancaq Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard dollar məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı.
COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb oldu. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri




Seçilən
10
3
aia.az

4Mənbələr