AZ

Demokratlar yeni partiya liderini seçməyi planlaşdırır

Demokratların Milli Komitəsinin sədri bazar ertəsi partiya liderlərinə məlumat verib ki, komitə fevralda onun xələfini seçəcək. Bu seçki Donald Trampın növbəti dörd il ölkəyə rəhbərlik etdiyi dövrdə partiyanın özünü necə təqdim etmək istədiyini müəyyənləşdirəcək.

Ceymi Harrison partiyanın güclü Qaydalar və Qanunlar Komitəsinin üzvlərinə yazdığı məktubda partiyanın yeni sədrini necə seçəcəyi prosesini izah edib. Harrison məktubda komitənin yanvar ayında dörd namizəd forumu - bəziləri şəxsən, bəziləri isə virtual şəkildə - keçirəcəyini, fevralın 1-də isə partiyanın Merilend ştatının Neşnl Harbor (Milli Liman) ərazisindəki qış toplantısı zamanı yekun seçkilərin baş tutacağını qeyd edib.

Demokratlar Partiyasının Milli Komitəsinin növbəti sədri olmaq uğrunda yarış partiyanın daxili məsələsi olsa da, Trampın ikinci müddətə inauqurasiyasından bir neçə gün sonra baş tutacaq. Vitse-prezident Kamala Harrisin 2024-cü ildəki məğlubiyyətindən sonra Demokratların lider seçməsi partiyanın bundan sonra hər hansı struktur problemlərin həlli və Trampa qarşı necə qarşı çıxacağınının müəyyən edilməsi kimi məsələlərdə əsas başlanğıc nöqtəsi olacaq.

Qaydalar və Qanunlar Komitəsinin üzvləri sədrlik vəzifəsindən əlavə sədr müavini, xəzinədar, katib və milli maliyyə sədri kimi partiyadakı yüksək rollar uğrunda keçiriləcək seçkilərin qaydalarını müəyyən etmək üçün dekabrın 12-də bir araya gələcəklər. Komitə həmçinin bu iclasdan əsas partiya rollarına namizəd olmaq hüququ əldə etmək üçün tələbləri müəyyən etmək məqsədilə istifadə edəcək. 2021-ci ildə namizədlərdən Demokratların Milli Komitəsinin 40 üzvünün imzalarını ehtiva edən nominasiya bəyanatı təqdim etmələri tələb olunurdu və çox güman ki, 2025-ci il seçkisi üçün də eyni standart mövcud olacaq.

"Demokratların Milli Komitəsi partiyanı irəliyə doğru istiqamətləndirəcək gələcək nəsil rəhbərlik üçün şəffaf, ədalətli və qərəzsiz seçkilər keçirməyə sadiqdir", Harrison bəyanatında deyib. "Sədr və Demokratların Milli Komitəsinin məmurlarının seçilməsi Komitə üzvlüyünün ən mühüm vəzifələrindən biridir. Və bizim işçi heyətimiz üzvlərə səs verməyə hazırlaşdıqları bir vaxtda namizədlərlə tanış olmaq imkanı verəcək əhatəli və şəffaf bir proses həyata keçirəcək".

İki Demokrat sədrlik uğrunda kampaniyalarını elan edib. Bunlar Minnesota ştatının Demokrat-Fermer-Əmək Partiyasının sədri və milli partiyanın vitse-sədri Ken Martin və Merilend ştatının keçmiş qubernatoru və Sosial Təminat Administrasiyasının hazırkı komissarı Martin O'Mellidir.

Harrisonu əvəzləmək niyyətində olan və ya partiya elitası tərəfindən namizədliklərini irəli sürməyə çağırılanlar arasında isə keçmiş Texas nümayəndəsi Beto O’Rurk, Partiyanın keçmiş sədr müavini Maykl Bleyk, Viskonsində Demokratlar Partiyasının sədri Ben Vikler; ABŞ-ın Yaponiyadakı səfiri və Çikaqonun keçmiş meri Ram Emanuel, Miçiqan Senatının əksəriyyətinin təşkilatçısı Senator Mallori MakMorro, və uzun müddət Demokratik strateq olan Çak Roça var.

Komitənin növbəti sədri Trampın ikinci qələbəsi ilə ruhdan düşən partiyanı bərpa etməklə vəzifələndiriləcək. Onlar həmçinin partiyanın 2028-ci il üçün namizədliyini irəli sürmə prosesinə nəzarət edəcəklər ki, bu da sədrə növbəti prezident seçkilərində mərkəzi rol verəcək mürəkkəb və mübahisəli bir prosesdir.

Cənubi Karolinadan olan Harrison, qaydalar komitəsinə yazdığı məktubunda partiyanın ev sahibliyi etdiyi dörd forumun canlı yayımlanacağını və partiyanın ölkə daxilində Demokratlara bu hadisələr vasitəsilə proseslə məşğul olmaq imkanı verəcəyini açıqlayıb. O, həmçinin sədr seçkilərində bitərəf qalmaq niyyətində olduğunu bildirib.

visiontv.az



Seçilən
5
visiontv.az

1Mənbələr