AZ

Partiyalar bələdiyyə seçkilərinəNECƏ HAZIRLAŞIR? – FOTOLAR

Bu gün bələdiyyə seçkilərinin tarixi elan ediləcək. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun ötən gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, bələdiyyə seçkilərinin tarixinin açıqlanması üçün 27 noyabr tarixinə MSK-nin iclasi təyin edilir.

 mezahirpanahov.jpg

Maraqlıdır, Azərbaycandakı partiyalar qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etməkdə maraqlıdılarmı? Bu yerli özünüidarəetmə orqanına keçirilən seçkilərdə iştirakçılıq partiyalar üçün nə dərəcədə önəmlidir? Əgər partiya olaraq bələdiyyə seçkilərinə qatılacaqlarsa, seçkidə hansı miqyasda iştirak etməyi düşünürlər? Bununla bağlı planlar, hədəflər nədən ibarətdir?

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, ölkədə baş tutan növbədənkənar prezident və parlament seçkilərinin ardınca bələdiyyə seçkilərinin də keçirilməsi gözlənilən olub.

elshad-musayev.jpg

Millət vəkilinin sözlərinə görə, yerli özünüidarəetmə orqanlarına seçkilər Azərbaycanda keçirilən COP29-a görə gecikib: “Bilirsiniz ki, noyabrın 11-dən etibarən iki həftə boyunca Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasına ev sahibliyi edib. Həm bu qlobal tədbirə hazırlıq, həm də iki həftə boyunca konfransın sessiyalarının keçirilməsi bələdiyyə seçkilərini bir qədər gecikdirdi. İndi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib ki, yaxın vaxtlarda bələdiyyə seçkisi keçiriləcək. Bələdiyyələr yerli özünüidarəetmə orqanlarıdır. Bu qrumlar çox vacib orqanlardır. İdarəetmənin əsas və yerlərdəki mühüm institutlarından biridir. Biz bələdiyyələrin daha çox inkişaf etməsinin tərəfdarıyıq. Çünki o seçkili orqandır. Biz istəyirik ki, demokratik yolla insanlar bu quruma seçilsin. Yerli məsələləri həll etsinlər, sonra da hesabat versilər. Ona görə də bələdiyyələrin fəaliyyətinin geniş olması bizim üçün maraqlıdır. Şəxsən mən millət vəkili olduqdan sonra bu yöndə bir çox cəhdlər etmişəm. Müəyyən məsələlər var ki, onları gündəmə gətirirəm. Bələdiyyə seçkilərində partiyamızın iştirakı da gözlənilir. Hesab edirəm ki, bu seçkilərdə ən yaxşı formada iştirak etməliyik və iştirak edəcəyik”.

 tural-abbasli.jpg

Ağ Partiya sədri Tural Abbaslı Medianews.az-a bildirib ki, bələdiyyələrin Azərbaycanın sosial və siyasi həyatında rolu yox səviyyəsindədir. Onun qənaətincə, bir çox hallarda bələdiyyələr yerli icra hakimiyyətlərinin şöbələri, yaxud icra nümayəndələri səviyyəsində fəaliyyət göstərirlər: “MSK-nın ötən gün bələdiyyə seçkiləri ilə bağlı açıqlamasından məlumatlıyıq. Əslində biz gözləyirdik ki, bu barədə açıqlamanın srağagün ediləcəyini gözləyirdik. Çünki qanunvericiliyə görə, ən gec seçkiyə 60 gün qalmış bələdiyyə seçkiləri elan olunmalıdır. Yəqin, bu gün elan olunacaq. Bu gün elan olunsa çox güman ki, seçkilər yanvarın 26-27-sinə təyin olunacaq. Bələdiyyələrin Azərbaycanın sosial və siyasi həyatında rolu demək olar ki, yoxdur. Bir çox hallarda bələdiyyələr yerli icra hakimiyyətlərinin şöbələri kimi və yaxud da icra nümayəndəliyi kimi fəaliyyət göstərirlər. Hər hansı bir səlahiyyətə və cəmiyyət arasında xüsüsi nüfuza da malik deyillər”.

 11111-1.jpg

Partiya sədri T.Abbaslı qanunvericiliyə edilən dəyişiklikdən sonra bələdiyyələrin sayının azaldılmasına da diqqət çəkib. Qeyd edib ki, Azərbaycanda 1999-cu ildə 2736 bələdiyyə var idisə, sonradan onların sayı 1606-ya, indi isə 685-ə endirilib: “Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində zaman-zaman bələdiyyələr birləşdirilib və sayı azaldılıb. Hazırda 685 bələdiyyə var. Ehtimal edilir ki, bu, bələdiyyələrin mövqeylərinin möhkəmlənməsinə xidmət edəcək. Amma mən buna inanmıram. Çünki yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında səlahiyyət bölgüsü doğru aparılmayıb. Ya icra hakimiyyətinin səlahiyyətləri bələdiyyələrə verilməlidir və icra hakimiyyətləri simvolik olaraq fəaliyyət göstərməlidir, yaxud da bələdiyyələr ləğv olunmalı, tam səhaliyyətlər icra hakimiyyətində qalmalıdır. Bununla belə, biz Ağ Partiya olaraq bələdiyyə seçkilərində üzvlərimizin iştirakında maraqlıyıq. Çünki bələdiyyə seçkiləri elə seçkilərdir ki, burada namizəd sayı kifayət qədər çoxdur. Haradasa ümumi hesablayanda 6800, bəlkə də bundan çox bələdiyyə üzvlüyü uğrunda seçki keçiriləcək. Orada nə qədər çox partiya üzvü iştirak edərsə, seçki təcrübəsi qazanarsa, seçicilərlə ünsiyyətdə olarsa, təbliğat apararsa, bir o qədər yaxşıdır. Biz artıq partiyanın yerli, rayon təşkilatlarına informasiya vermişik ki, hərəsi öz qeydiyyatı üzrə bələdiyyədə iştirak etmək haqqında düşünsünlər, öz namizədliklərini irəli sürsünlər, seçkilərdə aktiv iştirak etsinlər. Biz bu bələdiyyə seçkilərinə partiyanın təbliği, üzvlərimizin seçki təcrübəsinin yaranması, namizəd olması, ümumən prosesdə iştirak etməsi, seçicilərlə işləmək bacarıqlarının qazanılması kimi baxırıq. Hədəfimiz bələdiyyələrdə yer tutmaq, hansısa proseslərə təsir etmək deyil. Ağ Partiya olaraq çalışacağıq ki, seçkilərdə maksimum dərəcədə iştirak edək”.

 gulaga-aslanli.jpg

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə Medianews.az-a söyləyib ki, bələdiyyə seçkiləri təyin olunduqdan sonra Müsavat Partiyası bu seçkilərdə hansı formada iştirak edəcəyi və ya etməyəcəyi barədə öz nizamnaməsinə uyğun olaraq rəsmi açıqlama verəcək.

Seçilən
9
musavat.com

1Mənbələr