AZ

"Varlı insalardan daha çox pul tutulsa..." — Pensiya kapitalı vərəsələrə veriləcək?

Milli Məclisin plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bir sıra təkliflər irəli sürülüb. 

Deputat Arzuxan Əlizadə bildirib ki, vəfat edən şəxsin pensiya fonduna yığılmış vəsaiti ailə üzvlərinə verilməlidir. 

O qeyd edib ki, şəxs dünyasını dəyişirsə, onun pensiya fondunda yığılmış vəsaitinin vərəsəlik əsasında ailə üzvlərinə verilməsi qanunvericilikdə öz əksini tapmalıdır. 

Məsələyə hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında münasibət bildirib. 

Onun sözlərinə görə belə təcrübəsi olan ölkələr var: 

“Pensiya kapitalı şəxs vəfat edəndə onun ailəsinə, yəni vərəsələrə verilir. Bizdə bu, yoxdur, ona görə ki vəsait yoxdur. Biz hamımız məcburi sosial sığorta haqqı ödəyirik Dövlət Sosial Müdafiə Fonduna. Pensiya kapitalımız bunun hesabına formalaşır, yəni ki gəlirimizdən. Bu da müəyyən il üçün hesablanır. Vəfat etdiyimiz vaxtdan asılı olmayaraq, yəni nə qədər ömür sürsək də, bu fond bizə ödəniş edir. Yəni demir ki, sənin pensiya kapitalın qurtardı. 
Azərbaycanda əksəriyyət, xüsusən də kişilər pensiya yaşına çatmır onsuz da. 

Dövlət Sosial Müdafiə Fondu heç yığılan vəsait hesabına ödəyə bilmir pensiyaları. Hər il dövlət büdcəsindən əlavə vəsait ayrılır bunun üçün. Yəni ki pul sadəcə olaraq yoxdur, olsaydı, bəlkə də pensiya kapitalı şəxsin ailəsinə çatardı. Niyə yoxdur, bu, başqa mövzudur. Ya gərək bizdən yığılan vəsaiti artırsınlar, amma biz də buna razı olmayacayıq. Belə təkliflə çıxış edənlər gərək həlli yolunu da desinlər. Mən başqa bir təklif irəli sürərdim – varlı, zəngin insanlardan daha çox pul tutulsa, bəli, o zaman məsələ həllini tapa bilər. Amma bunu da heç kim etmək istəmir axı”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
8
45
demokrat.az

10Mənbələr