AZ

Netanyahu ilə Qallantın həbs qərarının icrasını tələb edən qətnamə parlamentdən keçib

 

Hollandiya Parlamentində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş Müdafiə naziri Yoav Qallant barəsində çıxardığı həbs qərarının icra olunmasını tələb edən qətnamə qəbul edilib. Müxalifət partiyasından olan millət vəkili Keyt Piri və digər 5 deputat tərəfindən Hollandiya Xarici İşlər Nazirliyinin 2025-ci il büdcəsi müzakirə olunduğu zaman təqdim edilən və Netanyahu ilə Qallant haqqında həbs qərarının icrasını tələb edən qətnamə səs çoxluğu ilə parlamentdən keçib. 

Qətnamədə hökumətdən BCM-nin həbs qərarının məhkəməyə üzv olan bütün ölkələr tərəfindən həyata keçirilməsini təmin etmək üçün səylər göstərməsi, Hollandiya hökumətinin bu qərara riayət etməsi və Netanyahu ilə təxirəsalınmaz xarakter daşımayan bütün əlaqələrin dərhal dondurulması tələb olunub. Parlamentdə qəbul edilən digər bir qətnamədə isə İordan çayının qərb sahilinin şimalındakı yaşayış məntəqələri şurasının rəhbəri Yossi Daqana qarşı Avropa İttifaqının sanksiyalarının dəstəklənməsi istənilib. Qeyd edək ki, Yossi Daqan dekabr ayında qanunsuz məskunlaşma bölgələrindən birində keçirilməsi planlaşdırılan tədbirə Hollandiya ekstremal sağçı lideri Geert Vildersi dəvət etmişdi. 

BCM 21 noyabr tarixində verdiyi açıqlamada "Qəzzada törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə" Netanyahu və Qallant barəsində həbs qərarı çıxardığını elan etmişdi. 



Seçilən
3
trt.net.tr

1Mənbələr