AZ

İsrail strateji hədəflərinə nail oldu?

“İsrail Livanda öz strateji hədəflərinə nail olmağı bacardı”. 

Bu sözləri Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a açıqlamasında ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmanın əhəmiyyətini şərh edərkən deyib.

O bildirib ki, “Hizbullah” da iki ölkə arasındakı bu razılaşmaya öz razılığını verib:

“Atəşkəs razılaşmasının əldə olunmasından sonra İsrailin Baş naziri Benyamin Netanyahunun bəyanatına diqqət yetirsək, İsrail ilə Livan arasında danışıqların hansı formada getdiyi və razılaşmanın hansı şəkildə əldə olunması barədə fikir yürüdə bilərik. 

ABŞ-nin təklifi bu idi ki, “Hizbullah”ın silahlı birləşmələri Livanın cənub ərazilərindən geri çəkilsin və altı ay müddətində həmin ərazilər tamamilə Livan ordusunun nəzarətinə keçsin. Buna paralel olaraq, İsrail də Livanın cənubundan öz ordusunu geri çəkməlidir.

Son atəşkəs razılaşmasına diqqət yetirsək görərik ki, İsrail Livanda öz hədəflərinə nail olmağı bacardı. Təl-Əvivin əsas hədəfi “Hizbullah”ı öz şimal sərhədlərindən uzaqlaşdırmaq idi, buna da nail oldu.

O ki qaldı Livan ordusunun öz ölkəsinin cənub ərazilərinin təhlükəsizliyini tam şəkildə təmin etməsinə, bunun özü sual altındadır. Nəzərə almaq lazımdır ki, Livan ordusu ölkə daxilində uzun müddət davam edən silahlı çəkişmələr səbəbindən çökmüş vəziyyətdədir.

Livan ordusu yüksək səviyyədə müasir silahlarla təmin olunmayıb. Bu səbəbdən Livan ordusunun İsrailin şimal sərhədlərinə yaxın ərazilərdə yerləşməsi İsrailin təhlükəsizliyi üçün heç bir təhdid yaratmayacaq.

“Hizbullah”ın bu razılaşmaya nə dərəcədə əməl edəcəyinə gəlincə, bunun özü də bir sualdır. Netanyahu öz açıqlamasında bəyan etdi ki, əgər “Hizbullah” bu razılaşmanı pozub İsrailin təhlükəsizliyinə yenidən təhdid yaradarsa, Təl-Əviv buna qarşılıq olaraq Livana yenidən hücumlar təşkil edəcək”.

Onun sözlərinə görə, Livanla atəşkəs razılaşmasından sonra İsrail diqqəti İrana yönəldəcək: 

“Netanyahu son bəyanatında açıq şəkildə vurğulayıb ki, “Hizbullah”dan sonra İsrail bütün gücünü İran istiqamətində sərf edəcək.

Bu istiqamətdə ciddi addımlar atmağa başlayacaq. İsrail ordusu Livan, Suriya və Yəməndə hərbi əməliyyatlar həyata keçirməklə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti altında olan proksi qüvvələrin təsirini maksimum şəkildə neytrallaşdırdı.

Bundan sonrakı mərhələdə İran istiqamətində proseslərin olacağı ehtimal olunur. Bu nə zaman baş verəcək, bunu yalnız zaman göstərəcək”. 

Seçilən
16
cebheinfo.az

1Mənbələr