Fransanın İrəvandakı səfiri Olivye Dekottini`ni birazdan Ararat Mirzoyanın yerinə Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin etsələr, mən buna əsla təəccüblənmərəm.
Adam ermənilərdən çox erməniçilik etmək üçün rəsmən dəridən-qabıqdan çıxır və Azərbaycana qarşı gündə bir təxribata əl atır.
Bu dəfə isə "X" platformasındakı hesabında hazırda İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin xəritəsinin şəklini “Tək və yeganə” şərhi ilə paylaşıb.
Məlum məsələdir ki, O.Dekottini bu paylaşımı ilə bizim Qərbi Azərbaycana (indiki Ermənistan Respublikasına) qayıdış hədəfimizin əleyhinə çıxıb və demək istəyib ki, guya, tək və yeganə Qərbi Azərbaycan varsa, o da İrana aid olan 6 vilayətdən biridir.
Fransız səfir bu paylaşımı ilə öz aləmində bizə subliminal mesaj verib ki, Qərbi Azərbaycana qayıdış planlarınızdan əl çəkin və biz Fransa olaraq siz azərbaycanlıların Qərbi Azərbaycana qayıtmağınıza əsla imkan verməyəcəyik.
Beləliklə, görünən budur ki, Fransanın İrəvandakı səfiri gün-gündən daha da həyasızlaşır, diplomatlıq cızığından çıxır, geosiyasi təxribatlarla məşğul olur, başından yekə qələtlər edir.
Qərbi Azərbaycana qayıtmağımıza mane olmaq təbii ki, fransalı səfirin başı üçün deyil. Biz zamanı və məqamı gələndə zatən Makron Fransasının rəyini heç soruşmadan İrəvan, Göyçə, Vedibasar, Zəngəzur, Amasiya, Dərələyəz və s. mahallarımıza köçəcəyik. Və bunu fransalı səfirin özü də çox gözəl bilir. Ancaq bildiyinə rəğmən təxribatçı hərəkətlərindən, toksik paylaşımlarından əl çəkmir. Çünki ona Parisdən konkret olaraq belə tapşırıq veriblər.
Yəni ki, bu gün Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri əslində səfir kimi yox, sosial şəbəkələr üzərindən Azərbaycana qarşı əkstəbliğat aparan bloger kimi fəaliyyət göstərir.
Bəli, Makron o qədər utanmaz adamdır ki, peşəkar diplomatı zorən blogerə çevirib. Və bu bloger-diplomat da həm Parisdəki ağasının, həm də erməni lobbisinin "malades"ini qazanmaq üçün hər vasitəyə əl atır.
Bu arada Fransanın Azərbaycandakı səfiri Ann Buayon`dan isə səs-səmir yoxdur. Bu xanım səfir ortaya çıxıb elə həmin "X" platforması üzərindən özünün İrəvandakı həmkarına, həmyerlisinə xitab edə, onun Qərbi Azərbaycanla bağlı səhvini düzəldə bilər.
Lakin Ann Buayon müəmmalı şəkildə susur.
Beləliklə, son nəticədə eyni ölkənin (Fransanın) İrəvandakı səfiri Ermənistanın "vəkil"i rolunda çıxış etdiyi halda, Bakıdakı səfiri isə öz susqunluğu ilə İrəvandakı həmkarının anti-Azərbaycan fəaliyyətinə dəstək vermiş olur.
Yazının əvvəli bu keçiddə:
https://visiontv.az/.../ermenistanda-sefir-olmaqla...
Bəybala Mirzıyev
visiontv.az