İtaliyada “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilib. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqının ali nümayəndəsi təhlükəsizlik məsələlərini, münaqişə zonalarındakı vəziyyəti və Yaxın Şərqlə artan gərginliyi müzakirə ediblər.
Aydındır ki, toplantıda əsas mövzu Rusiya-Ukrayna müharibəsi olub. Bu səbəbdən toplantıya Ukraynanın xarici işlər naziri Andriy Sibiqa da dəvət olunub. Ukraynalı baş diplomat ölkəsinə verilən dəstəyə görə müttəfiqlərə minnətdarlığını bildirib və onları Rusiyanın işğalı qarşısında həmrəy olmağa çağırıb. Sibiqa həmkarlarının diqqətini Rusiyanın müharibəni genişləndirmək üçün atdığı son addımlara, Şimali Koreya qoşunlarının bölgədə yerləşdirilməsinə, Ukraynanın nüvə enerji obyektlərinə zərbələrin endirilməsinə və orta mənzilli ballistik raketlərin tətbiqinə yönəldib. Sibiqa Ukraynaya dəstəyin xeyriyyəçilik olmadığını, Avroatlantik birliyə və dünyanın təhlükəsizliyinə ən yaxşı sərmayə olduğunu söyləyib.
Ukraynanın xarici işlər naziri Rusiya-Şimali Koreya ittifaqı üzərində xüsusi dayanıb. Nazirin sözlərinə görə, Rusiya-Şimali Koreya ittifaqının yalnız Avropa üçün deyil, Avropanın Asiyadakı tərəfdaşlarına da təhlükə yaratdığını vurğulayıb. Çünki Şimali Koreya Rusiyaya verdiyi hərbi dəstək qarşılığında Kreml Şimali Koreyanın Cənubi Koreya, Yaponiya və ABŞ-la qarşıdurmasına əməli dəstək verəcək. Bu isə Hind-Sakit okean bölgəsində vəziyyəti gərginləşdirəcək. Andriy Sibiqa Avropa və Hind-Sakit okean bölgəsinin təhlükəsizliyinin bir-birinə sıx bağlı olduğunu bildirib.
Ukrayna xarici işlər nazirinin xüsusi olaraq bu mövzuya diqqət yetirməsinin məqsədi aydındır. Şimali Koreyanın Rusiyaya on minlərlə hərbçi göndərməsi Ukraynada müharibənin miqyasını artıracaq və problemi qloballaşdıracaq. “Böyük yeddilik” Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsini tənqid etsə də, üzv ölkələr Ukraynaya hərbçi göndərmək fikrində deyillər. ABŞ və Avropa dövlətlərinin Çindən gözləntiləri var ki, Pekin Şimali Koreya ilə yaxınlığından istifadə edərək bu dövləti Rusiyaya hərbçi göndərmək fikrindən daşındıracaq. Ancaq Pekinin bu məsələyə qarışmaq fikri yoxdur. Əksinə, Çin Rusiya-Ukrayna müharibəsinin qlobal miqyas almasından istifadə edərək bölgədəki öz hədəflərinə çatmaq istəyir. Bu hədəflərdən ən başlıcası Tayvanı Çinə birləşdirməkdir. Çinin hərbi təyyarələri və hərbi gəmiləri Tayvan ətrafında patrul xidmətini davam etdirirlər. Tayvan rəhbərliyi iddia edir ki, Çin kəşfiyyat məqsədilə ada üzərinə hava şarları buraxıb. Pekin Tayvanın hava şarları ilə bağlı iddialarını rədd edərək, onların meteoroloji məqsədlər üçün istifadə olunduğunu açıqlayıb. Bu fakt ötən il də qeydə alınmışdı. Amerika Birləşmiş Ştatlarının hava sahəsi üzərində Çinə məxsus kəşfiyyat şarları vurulmuşdu.
Beləliklə, “Böyük yeddilik” həm Avropa və Asiya qitəsinin təhlükəsizlik problemlərini düşünməli, həm də Yaxın Şərqdə qarşıdurmanın dayandırılmasına çalışmalıdır. Vaşinqtonun vasitəçiliyi ilə İsraillə Livan hökuməti arasında nisbi atəşkəs barədə razılıq əldə olunsa da, bu qarşıdurmanın sonu deyil.
“Atlas” Araşdırmalar Mərkəzi
visiontv.az