Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Surra kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbindən vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, intensiv yağışlar nəticəsində Dəvəçiçay çayına sel gəlməsi səbəbindən hərəkətdə olan avtomobilin çayda batdığı və vətəndaşın avtomobildə təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə təhlükəli vəziyyətdə qalan 1966-cı il təvəllüdlü Cəfərov İdayət Nemət oğlu xilas edilib.