AZ

Tıxaclara alternativ ÇÖZÜM – Sumqayıt avtobusları 20 Yanvar dairəsinə daxil olsa, nə DƏYİŞƏCƏK?

Son günlərdə Bakının 20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xəttinin açılacağı ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, gələn ilin yanvar ayından etibarən bu marşrut xəttinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hazırda marşrut şəbəkəsi təhlil edilir:

"Bu istiqamətdə hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək".

Nəzərə alaq ki, əvvəllər də bu barədə davamlı müzakirələr aparılıb.

Əksəriyyət Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən avtobusların şəhərə daxil olmasının daha məqsədəuyğun olduğu qənaətindədir.

Çünki hazırda sərnişinlər ya fərdi avtomobilləri ilə Bakıya gəlir, ya da “manatlıq taksi”lərdən istifadə edir. Lakin son həftələrdə AYNA-ın Bakıdan Sumqayıta gedən “manatlıq taksi”lərə qarşı başladığı mübarizə tədbiri vəziyyəti daha da gərginləşdirib. Bundan əlavə, “avtovağzaldan-avtovağzala” prinsipi heç də rentabelli deyil. 

Nəzərə alaq ki, 90-cı illərdə hətta şəhərin mərkəzindən- keçmiş “Spartak” stadionunun qarşısından Sumqayıta avtobuslar işləyirdi. Bundan başqa, 20 yanvar dairəsindən və “Şamaxinka” deyilən ərazidən Sumqayıt istiqamətinə avtobus marşrutları vardı. 

Lakin son illərdə həm Sumqayıtdan, həm də Bakıdan çıxan alternativ marşrutların hamısı ləğv olundu. Hazırda Bakıdan Sumqayıta və əks istiqamətə hərəkət edən sərnişinlər yalnız Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki Nəqliyyat Mübadilə Mərkəzindən və Sumqayıt avtovağzalından istifadə etmək məcburiyyətindədirlər. Bu da o deməkdir ki, bu marşrut üzrə hərəkət edən sərnişinlər mənzil başına çatmaq üçün ən azı 3-4 marşrut dəyişməlidirlər. Amma əvvəllər seçim daha çox idi. 

Çözüm nədir?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, istənilən layihənin iqtisadi əsaslandırılması olmalıdır:

“İqtisadi əsaslandırılması olmayan layihə uğursuzluğa məhkumdur. Ona görə də Sumqayıta və əks istiqamətdə hərəkət edənlər üçün “avtovağzaldan-avtovağzala” prinsipi  heç də məntiqli deyil. Əgər elədirsə, Xırdalan şəhərindən çıxan avtobuslar niyə Bakının içərilərinə qədər buraxılır?! Deməli, bu məsələdə başqa maraqlar var”. 

Müsahibimiz mövcud qadağanın aradan qaldırılmasının çox böyük iqtisadi səmərə verəcəyinə inanır:

“Sumqayıt avtobusları 20 Yanvar dairəsinə qədər buraxılsa, bundan daşıyıcı şirkətlər böyük qazanc əldə edər. Üstəlik, vətəndaş məmnunluğu yaranar. İnsanlar əlavə vaxt və artıq vəsait itkisindən azad olar. Nəzərə alaq ki, hazırda “20 yanvar”  dairəsinin aşağısındakı “köhnə avtovağzal” ərazisi istifadəsiz qalıb. Əgər Sumqayıt-Bakı marşrutu bu ünvana qədər uzadılsa və yol boyu “avtobus zolağı” çəkilsə, əminliklə deyirəm ki, həm Bakının nəqliyyat yükü xeyli azalar, həm də daşımaların iqtisadi səmərəsi artar.

Hazırda Sumqayıta getmək üçün Avtovağzal kompleksinə getmək məcburiyyəti yaradılıb. Amma inzibati yolla iqtisadi səmərə əldə etmək olmaz. Sərnişinlərə əlçatan və operativ xidmət təklif olunmalıdır. Yalnız bu zaman sərnişin məmnunluğu yaranar. Sərnişin məmnunluğu isə iqtisadi səmərə yaradır. Ona görə də Sumqayıtdan gələn avtobusların 20 Yanvar dairəsinə buraxılması zərurətdir”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
9
bizim.media

1Mənbələr