“Azərbaycanda əhalinin məşğulluğu üzrə sahibkarlıq subyektləri ilə əməkdaşlığın yeni formaya keçirilməsi məqsədi ilə işçilərin əmək haqqının işəgötürənlərlə birlikdə maliyyələşdirilməsi üçün işlər genişləndiriləcək”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, 2025-ci ildə bu istiqamətdə 4 milyon marat xərclənməsi, mindən çox şəxsin müvafiq proqrama cəlb olunması nəzərdə tutulub. Bundan başqa, nazir deyib ki, gələn il əmək yarmarkalarının və əmək birjalarının keçirilməsi üçün təxminən 500 milyon manat xərclənməsi nəzərdə tutulur:
"Bu, 110 regional iri əmək yarmarkasının və digər tədbirlərin təşkil olunmasına imkan verəcək. Sosial müdafiəyə xüsusilə ehtiyac olan şəxslər üçün əlavə iş yerlərinin, sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinin icrası üçün 2025-ci ildə 3 milyon manat xərclənməsi nəzərdə tutulub".
Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli "Cebheinfo.az" - a açıqlamasında deyib ki, dövlət tərəfindən maliyyələşmə dəstəyin həyata keçirilməsi ilə bağlı təkliflər var idi:
"Burada minimum əməkhaqqı alan və özəl sektorunda işləyən vətəndaşlarla bağlı məsələ müzakirə olunur.
Xüsusilə DOST mərkəzi və Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial və ictimai işlərə cəlb olunmuş vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı dəstək proqramı hazırlanırdı. Bu məsələ ötən ildən müzakirə olunurdu. Görünür, artıq yekunlaşıb, hökumətə konkret təkliflər təqdim olub və 2025-ci ilin büdcəsində bu məsələ öz əksini tapacaq. Yəni, sosial vəziyyətinin ağırlığı nəzərə alınmaqla o şəxslərə dəstək nəzərdə tutulur.
Həmçinin işəgötürən tərəf özəl sektordursa və sahibkarın əməkhaqqını vermək üçün faktiki olaraq imkanları məhdud olan sahibkardırsa, dəstək veriləcək ki, işə götürən heç olmasa minimum əməkhaqqı səviyyəsində vəsait ödənişini edə bilsin. Yəni, burada əməkhaqqının müəyyən hissəsini sahibkar, müəyyən hissəsini isə dövlət ödəyəcək. Nəticə etibarı ilə də bu, yeni iş yerlərinin yaranması, vətəndaşların işlə təmini ilə bağlı sahibkarlara göstərilən dəstəkdir".
Ekspert bildirib ki, nəzərdə tutulan vəsait o qədər böyük olmasa da, bütün hallarda kiçik sahibkarlığın dəstəklənməsi kimi qəbul olunur:
"Bu sosial proqram inkişaf etmiş bir sıra ölkələrdə tətbiq olunur. Burada əsas məqsəd vətəndaşların məşğulluğunun təmini ilə yanaşı, eyni zamanda kiçik və orta sahibkarlıq inkişafına dəstəkdir. Xüsusilə də işəgötürən kiçik və orta sahibkarlara dəstək verməklə yeni iş yerləri yaradılması və onların inkişafına kömək etmək olar. Ona görə də ayrılmış vəsait 13 milyon manata yaxın olsa da, növbəti illərdə bu vəsaitin artırılması mümkündür ".
Ekspert qeyd edib ki, kiçik və orta sahibkarlara dəstək təqdirəlayiqdir:
"Düşünürəm ki, bu proqram daha effektivdir. Birbaşa sahibkarlığın inkişafına hədəflənmiş və yaxın dövrlər üçün müvafiq olaraq nəticələrin əldə edilməsinə gətirib çıxaram bir proqramdır. İnanıram ki, ayrılan vəsaitin məbləğidə növbəti dövürdə artırılacaq"