Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib ki, ABŞ-ın artıq Türkiyənin Rusiyadan aldığı “S-400” raket sistemlərindən istifadəsinə etirazı yoxdur.
“Son görüşlərimizdə S-400 ilə bağlı bizdən istədikləri hər şeyi rədd etdik. İndi amerikalıların heç bir etirazı yoxdur. Biz S-400-dən istifadə edəcəyimiz bütün sahələri müəyyən etdik, hər şey hazırdır”, - deyə “T24” qəzeti Gülərin sözlərini sitat gətirir.
Müdafiə nazirinin sözlərinə görə, müvafiq əmrdən sonra bu komplekslər “təxminən 12 saat ərzində” yerləşdiriləcək.
Eyni zamanda Türkiyə Amerikanın “F-35” təyyarələrini almaq planlarından da əl çəkməyəcək. Türkiyə Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, Amerikanın bu məsələyə münasibəti dəyişdiyi üçün Ankara yenidən Vaşinqtondan döyüş təyyarələri istəyib.
“Orada altı F-35-imiz var. İndi onlar Kaan qırıcı təyyarəsini inkişaf etdirdiyimizi gördükdən sonra onların fikirləri dəyişdi. Bunu təmin edə biləcəklərini deyirlər. Biz ABŞ-a F-35 almaq təklifimizi yenidən göndərmişik”, - deyə nazir izah edib.
Almaz Həsənli