“Sabah keyfiyyətli komandaya qarşı oynayacağıq. Matça ciddi hazırlaşmışıq”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” klubuna qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Lion” təcrübəli komandadır. Onlarda maliyyə problemi olsa belə, düşünürəm ki, bu nüans meydanda özünü göstərməyəcək. Heyətində çox keyfiyyətli oyunçuları var. Doğma meydanda oynayırıq. Azarkeşlərimizi sevindirmək istəyirik”.
Mütəxəssis “Lion”un mübarizə apardığı Fransa çempionatının səviyyəsinin yüksək olduğunu vurğulayıb: “Bu komandanın Avropada böyük təcrübəsi var. Digər oyunlara necə yanaşırıqsa, sabahkı matça da həmin istəklə çıxacağıq”.
Q.Qurbanovun sözlərinə görə, zədəli olan Mateus Silva və Marko Veşoviçin son durumuna sabah aydınlıq gələcək.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.