“Biz sülhün, əmin-amanlığın, ədalətin, əməkdaşlıq ruhunun təkcə vətənimizdə deyil, regionumuzdan başlayaraq bütün dünyada hökm sürməsi üçün gecə-gündüz çalışırıq”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.
O, bildirib ki, Türkiyə qlobal siyasətin qütb başçılarından biri kimi rolunu günü-gündən gücləndirir.
“Mininci gününü keçirən Rusiya-Ukrayna müharibəsi və 14-cü ayına çatan Qəzza soyqırımı da daxil olmaqla, coğrafiyamızda baş verən bütün böhranları həll etmək üçün var gücümüzlə çalışırıq. Biz İsrail və Livan arasında bu səhər qüvvəyə minən atəşkəs razılaşmasından məmnunuq. Başda İsrail olmaqla bütün tərəflərin meydanda sülhün qorunması baxımından üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyirik”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə olaraq Qəzzada qırğınların dayandırılması və daimi atəşkəsin yaradılması üçün hər cür töhfə verməyə hazırıq.
Daşqın HəsənovMissiya.Az