Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan və narkokuryerliyə cəlb edilən şəxslərə qarşı silsilə tədbirlər həyata keçirilib.
Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan – əvvəllər məhkum olunmuş Faiq Xudiyev Xırdalan şəhəri ərazisində saxlanılıb. Onun üzərindən və avtomobilindən 4 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin, eləcə də narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilən yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.
İdarə əməkdaşları tərəfindən son 15 gün ərzində həyata keçirilən digər tədbirlərlə narkotiklərin satışını təşkil edən əvvəllər dəfələrlə məhkum olunmuşlar Rəhman Məmmədov, Sənan Rüstəmov, Aqşin Qubanov, Natiq Ağamirzəyev, Telman Cəfərov, Nicat Həkimov, Fərid Süleymanov və Rövşən Süleymanov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 10 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, eləcə də 150 ədəd metadon və preqabalin həbləri, həmçinin elektron tərəzilər aşkar edilib.
Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.