Zəngəzur Dəhlizinin əhəmiyyətini araşdırmazdan öncə onun tarixinə nəzər yetirmək lazımdır...
Ona görə ki, Zəngəzur məsələsi ilə bağlı mübahisələrin həlli istiqamətində ən önəmli addım şübhəsiz ki, tarixi faktlara əsaslanan mühakimə və fikirlər irəli sürməkdən ibarətdir. Belə ki, XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 Azərbaycan türkü, 91 kürd və 81 erməni kəndi var idi. Təəssüf ki, 1920-ci il noyabrın 30-da Azərbaycan Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərara görə Zəngəzur Ermənistana verildi. Beləliklə Zəngəzur bölgəsi iki yerə bölünür: Qərbi Zəngəzur və Şərqi Zəngəzur. Nəticədə Zəngəzur qəzasının 6742 kv. verstlik ərazisindən 3105 kv. versti Azərbaycanın tərkibində qalmışdır. Bununlada Azərbaycanın Naxçıvanla quru əlaqəsi kəsilir.
Nəhayət ki, Azərbaycan Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı 2020-ci il 10 noyabr Bəyanatına əsasən, qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılmasına xidmət edən Zəngəzur dəhlizinin tikintisi ilə işə başlanıldı. Zəngəzur dəhlizinin açılması, Azərbaycan üçün iqtisadi, siyasi və nəqliyyat imkanları baxımından olduqca əhəmiyyətli layihələrdən biri sayılır. Əslində bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həmdə Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır.
Hesab edirəm ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm strateji layihədir. Bu dəhliz beynəlxalq səviyyədə əməkdaşlıq üçün yeni perspektivlər açır. Lakin tam reallaşması üçün siyasi maneələrin həll edilməsi və qarşılıqlı etimadın artırılması vacibdir. Əlavə olaraq geosiyasi əhəmiyyətinə nəzər salsaq Zəngəzur dəhlizi Türkiyə və xüsusilə Orta Asiya respublikaları arasında daha qısa və etibarlı yol təmin edir. Eyni zamanda dəhliz Avropa İttifaqı, Rusiya, Çin və ABŞ kimi güclərin diqqət məkəzindədir, çünki onun istifadəsi beynəlxalq ticarət marşrutlarına təsir göstərə bilər. Dəhliz vasitəsilə neft, qaz və elektrik enerjisinin daşınması enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında gərginliyin azalmasına və iqtisadi əməkdaşlığın inkişafına şərait yarada bilər. Ermənistan bəzi hallarda Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxır. Bu, prosesin ləngiməsinə səbəb ola bilər.
Abidə Taralova
Azərbaycan Universiteti
Poliqon.info