AZ

"İctimai birliklər dezinformasiya ilə mübarizədə mühüm rol oynaya bilərlər" - QHT sədri

"Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az-a özəl açıqlamasında bildirib ki, ictimai birliklər sosial media platformalarında dezinformasiya ilə mübarizədə mühüm rol oynaya bilərlər.

Onun sözlərinə görə, bu birliklər ictimaiyyətin məlumatlılığını artırmaq üçün maarifləndirici kampaniyalar təşkil etməklə yanaşı, məlumatların doğruluğunu yoxlamaq üçün xüsusi platformalar və resurslar yarada bilərlər:
"Həmçinin, rəqəmsal savadlılıq proqramları vasitəsilə insanları dezinformasiyanı ayırd etməyi öyrətmək, sosial media platformaları ilə əməkdaşlıq edərək istifadəçilərə məlumatların etibarlılığını daha rahat yoxlamalarını təmin edən vasitələr təqdim etmək bu birliklərin töhfələri arasında yer alır."

Bəsti Nəsibova əlavə edib ki, gənclərin rəqəmsal təhlükəsizlik biliklərini artırmaq üçün müxtəlif təşəbbüslər irəli sürülüb. Bunlara rəqəmsal savadlılıq üzrə təlim proqramlarının hazırlanması, universitetlərdə və məktəblərdə kibertəhlükəsizlik mövzusunda seminar və mühazirələrin təşkili daxildir.

"Dövlət və özəl sektorun dəstəyi ilə interaktiv vebinarlar keçirmək, beynəlxalq sertifikatlaşdırma imkanlarını təmin etmək, həmçinin gəncləri ən yeni texnologiya və trendlərlə tanış etmək üçün müxtəlif forumlar və konfranslar təşkil etmək də əsas prioritetlər sırasındadır." - deyə o vurğulayıb.

Qeyd edək ki, 30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür. 1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası noyabrın 30-nu Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan edib. Bu günün təsis edilməsində məqsəd hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək olub.

 

Pərvanə Fərhadqızı

Seçilən
30
qht.az

1Mənbələr