AZ

Bağlanacaq 1500 məktəb hansılardır? - Mübahisəli vəziyyət

“Bu ildən etibarən məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid edilib. Yəni hər şagird üçün ayrıca maliyyə ayrılır. Əvvəllər isə məktəb üçün ümumi maliyyə ayrılırdı”.

Ölkə.Az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndi respublikada 1500 məktəbin bağlanacağı barədə müzakirələrdən danışarkən deyib.
O, şagird sayının az olduğu məktəblərin maliyyələşməsinə daha çox məbləğ tələbin olunduğunu söyləyib:

“Respublikanın müxtəlif bölgələrində şagird sayı 100-dən, hətta bəzi yerlərdə 50 nəfərdən aşağı olan məktəblər var. Təəssüf ki, həmin məktəblərin bağlanması artıq bir növ zərurətə çevrilir. Məsələn, ucqar bir nöqtədə bir şagird üçün ayrılan maliyyə minimum 8500, maksimum 30-35 mindən çox olursa, paytaxt məktəblərində isə ondan daha az xərc çəkməklə şagirdin tədrisini təşkil etmək mümkündür”.

Ekspert bildirib ki, əgər bəzi məktəblər ləğv edilərək, şagirdlər başqa məktəbə yönləndiriləcəksə, onlar üçün nəqliyyat təşkil edilməlidir:

“Optimallaşma üçün görülən tədbirlər ondan ibarətdir ki, məsələn, builki tədris ilində 1-ci siniflərlə 3-cü siniflərin və yaxud 2-ci və 4-cü sinfin şagirdləri yanaşı əyləşirlər. Təbii ki, bununla bir o qədər də razı deyiləm, çünki hər bir sinif özlüyündə tədris proqramını almalıdır. Fərqli siniflərin şagirdlərini yanaşı əyləşdirdiyimiz zaman 45 dəqiqə tədris onlar üçün yetərli olmayacaq.
Əgər məktəbləri bağlayırıqsa, mütləq servis xidmətini təşkil etməliyik. Məsələn, bir məktəbdə 3, digərində 5, başqasında isə 10 şagird varsa, onların hamısının eyni məktəbə getməsi üçün daşınmanı həyata keçirmək lazımdır. Onların hamısını vahid bir məktəbdə toplayaraq şagird sayını azı 100-dən çox olacaq şəkildə təşkil etmək olar. Amma hansısa məktəbləri bağlamaqla şagirdləri tədris prosesindən kənarda qoyacağıqsa, bu doğru deyil. Çünki dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə baxsaq görərik ki, hətta ucqar bir kənddə hətta bir şagird olsa belə onun daşınmasını həyata keçirirlər. Nə üçün biz də bunu etməyək?
Optimallaşma adı ilə etdiyimiz tətbiq hanısa şagirdin təhsil hüququnu pozacaqsa, buna yol vermək olmaz. Amma dediyim kimi, nəqliyyat vasitəsilə təmin edəriksə, həm maliyyə cəhətdən itki olmaz, o cümlədən şagirdləri üçün təhsil əlçatan olar.
Yol, nəqliyyat problemi olacaqsa, şagird təhsildən kənarda qalacaqsa, maddi-mənəvi cəhətdən daha çox itkiyə məruz qalacağıq.

Cəmi 2 şagird olan məktəblərdə müəllimlərin dərs saatı az olur. Biz bəzi hallarda görürük ki, ucqar müəllimlər nöqtələrdəki vakansiyalara getmir. Belə olan halda şagird sayı az olan məktbələrdə bir müəllim fərqli fənlərdən dərs deyir. Nəticədə şagird yenə əziyyət çəkən tərəf olur. Bu baxımdan bəzi məktəblərin bağlanması və ya birləşdirilməsi uğurlu şəkildə həyata keçirilərsə, problem olmayacaq. Amma bu asan proses deyil və öncədən ictimai müzakirə olunmalı, ümumi qərar əsasında addım atılmalıdır”.

Qeyd edək ki, ötən gün Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov bildirib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 1500 məktəbin bağlanılması planlaşdırılır.

Billurə Yunus

Seçilən
10
olke.az

1Mənbələr