Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində PSJ ilə ev oyunu (1:0) “Bayern” üçün əlamətdar olub.
Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.
Almaniya nəhəngi Çempionlar Liqasının qrup mərhələsinin ev oyunlarda məğlubiyyətsizlik silsiləsi üzrə rekorda imza atmış “Barselona”nın nailiyyətini təkrarlayıb.
Münhen təmsilçisi 31 qələbə və 2 heç-heçə ilə ardıcıl 33 oyundur ki, Çempionlar Liqasının qrup mərhələsinin ev oyunlarında məğlubiyyət tanımır. Bu silsilə, “Barselona”nın 2009-2020-ci illər arasında evdə keçirdiyi 33 oyunda məğlubiyyətsizlik rekordu ilə birlikdə Avropanın ən mötəbər klub yarışı tarixində ən uzun silsilədir. Üstəlik, “Bayern”in müvafiq silsiləni davam etdirərək, mütləq rekorda çatdırmaq imkanı var.
5 turdan sonra 9 xal toplamış “Bayern” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 11-ci pillədə qərarlaşıb.