Hurriyyet.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu ölkədə 1 milyon 98 min 500 nəfər pensiyaçının olduğunu açıqlayıb. Pensiyaların orta aylıq məbləği 493 manat 90 qəpikdir. Ötən ilin eyni dövrü ilə müqayisədə məbləğin 13 faizdən çox artdığı iddia olunur. Pensiyaçıların 385,5 min nəfəri Bakıda yaşayırmış. Ən az pensiyaçı Xocavənddədir (900 nəfər).
Dövlət Sosial Müdafiə Fondu pensiyaçıların sayı ilə qürrələnməyi xoşlayır. Halbuki say azı iki dəfə azdır. Məsələn, İsveçrədə əhalinin təkcə 19 faizi yaşa görə pensiya alır. Azərbaycanda isə ümumi say heç 11 faizə çatmır. Ona görə İsveçrəni nümunə gətirdik ki, konfederasiya pensiya yaşı həddi baxımından bizə yaxındır. Bu Avropa ölkəsində kişilər 65, qadınlar 62 yaşında pensiyaya çıxır. Bizdə bu baxımdan şərtlər bir az da pisləşib. 2026-cı ildə Azərbaycanda kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək, 65 olacaq.
Pensiya məbləğinin yetərli olmasından isə heç danışmağa dəyməz. Azəbaycanda pensiya yaşında olan sürücü orta aylıq məbləğlə uzağı 309 litr benzin ala bilər. İsveçrədə orta aylıq pensiyanın 2450 frank olduğu məlumdur. Bu məbləğə 1441 litr benzin düşür. Fərq az qala 5 dəfədir.
Dövlət Sosial Müdafiə Fondunda inciyərlər ki, biz dünyanın ən inkişaf etmiş ölkələrindən biri ilə müqayisə aparırıq. Götürək Sloveniyanı. Keçmiş Yuqoslaviya Respublikasında orta aylıq pensiyanın məbləği 1000 avronu keçir. Bu məbləğə pensiyaçı 700 litrə yaxın benzin ala bilər. Sloveniyada əhalinin 22 faizi pensiya alır. Bu ölkədə də pensiya yaşı 65-dir. Yəni Sloveniya bizinlə müqayisə üçün uyğun dövlətdir.
Əlbəttə, başqa müqayisələr də aparmaq mümkündür. Məsələn, müqayisə predmeti kimi kərə yağı və ya mal əti götürülə bilər. Yenə fərqli mənzərə yaranmayacaq. Azərbaycanda həm pensiyaçıların sayı, həm də onlara ödənilən məbləğ çox aşağıdır. Boşuna qürrələnməklə deyil. Ölkədə azı 2 milyon nəfərin müxtəlif kateqoriyalar üzrə pensiya almaq imkanı olmalıdır. Orta aylıq məbləğin də 1000 manatdan aşağı olmaması gərəkdir. Qalan deyilən sözlər mənasızdır. İndiki şərtlər pensiyaçılar üçün əlverişli deyil./Bizimyol.info/