UEFA Çempionlar Liqasında 5-ci tur davam edir.
İdman.biz xəbər verir ki, bu gün Avropanın əsas klub yarışında həftənin qalan 9 oyunu keçiriləcək.
Şübhəsiz, gecənin səbirsizliklə gözlənən oyunu “Liverpul” – “Real Madrid” qarşılaşmasıdır. Bu, hazırda Çempionlar Liqasında xal itirməyən yeganə komanda və İngiltərə Premyer Liqasının lideri ilə ÇL-in son qalibinin görüşü olacaq. “Liverpul” növbəti qələbəsini qazanmaqla 13 xalla 1-ci pilləyə yüksələn “İnter”dən liderliyi geri ala bilər. Təbii, bu, asan olmayacaq.
Düzdür, “Real”ın işləri yaxşı getmir, 6 xalla 21-ci yerdədir, amma məhz “Liverpul”a qarşı uğurlu seriyaya malikdir. 2009-cu ildə Çempionlar Liqasının 1/8 finalında iki dəfə İngiltərə klubuna məğlub olan (0:1, 0:4) madridlilər bu rəqiblə sonrakı səkkiz oyunda nəinki uduzmayıb, hətta iki dəfə finalda qalib gələrək kuboku qazanıblar: 2018-ci ildə 3:1 və 2022-ci ildə 1:0. Ötən il “Dumanlı Albion”dakı son matçda da “Real” “Liverpul”dan aşkar güclü olub – 5:2.
Rəqiblərin bugünkü matçından əvvəl keçirilən mətbuat konfransında “Real”ın baş məşqçisi Karlo Ançelotti "Leqanes"lə oyunda Vinisiusu əvəzləməməsi və nəticədə braziliyalının zədələnərək təxminən bir aya yaxın müddətə sıradan çıxması ilə bağlı suallara bir az sərt cavab verib: “Çox məsləhətlər eşidirəm, amma unutmayın ki, məşqçi kimi 1300 oyun keçirmişəm, 1300 dəfə oyun üçün heyət seçmişəm və 4000-dən çox dəyişiklik etmişəm. Ona görə də buradakılardan heç biri mənə məsləhət verə bilməz. Milli oyunlardan qayıdan Vinisius və Valverde kimi oyunçular yaxşı formada idilər və nöqtə. Bəzən zədələr olur və bunun səbəbini hamımız bilirik – çünki oyun sayı çoxdur”.
“Liverpul”un baş məşqçisi Arne Slot da rəqiblərinin əsas oyunçularından biri olan Vinisiusun oynamayacağı ilə bağlı fikrini bildirib: “Bu və ya digər futbolçunun oynayıb-oynamayacağından asılı olaraq matçlara fərqli hazırlaşırıq. Fərqli bir şey gözləməliyik. O, demək olar ki, hər matçda oynayırdı, indi bizi nə gözlədiyini bilmək olduqca çətindir. Rəqibin heyəti bizim üçün sürpriz olacaq, amma bilirik ki, orada başqa böyük oyunçular da var”.
Bu da Slotun “Real”ın digər ulduz futbolçusu Kilian Mbappe ilə bağlı fikirləri: “Onun üçün hansı mövqenin daha optimal olması məni maraqlandırmır. Mən onun oyun keyfiyyətləri ilə bağlı narahatam, ona qarşı müdafiə olunmağın çox çətin olduğunu dəfələrlə sübut edib. O, hazırda dünyanın ən yaxşı oyunçularından biridir”.
Günün digər oyunlarından “Aston Villa” – “Yuventus” qarşılaşmasını da qeyd etmək olar. İngiltərə təmsilçisi 9 xalla 12-ci, İtaliya klubu isə 7 xalla 16-cı yerdədir. “Aston Villa” bütün yarışlarda son altı oyununda qələbə qazanmayıb. “Yuventus” isə əksinə, altı matçdır uduzmur – düzdür, bu oyunlardan dördündə heç-heçə edib.
Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
27 noyabr
21:45 Srvena Zvezda – Ştutqart
21:45 Şturm – Jirona
00:00 Aston Villa – Yuventus
00:00 Bolonya – Lill
00:00 Seltik – Brügge
00:00 Dinamo Zaqreb – Borussiya Dortmund
00:00 Liverpul – Real Madrid
00:00 Monako – Benfika
00:00 PSV Eyndhoven – Şaxtyor
İdman.biz