Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş “Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Qlobal Forumunda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 26-da Portuqaliya Prezidentinin Forum iştirakçıları şərəfinə verdiyi şam yeməyində iştirak edib.
QMİ-nin mətbuat xidmətindən 7Times.az-a bildiriblər ki, tədbirdə Portuqaliya Prezidenti Marselo Rebelo de Souza ilə görüş baş tutub.
Forumda iştirak edən BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşdə dini liderlərin qlobal dinlərarası dialoqda iştirakı və BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq perspektivlərinə toxunulub. Şeyxülislam A.Paşazadə BMT Baş katibi Antonio Quterreşə yenicə başa çatmış COP29 çərçivəsində keçirilən Dini Liderlərin Qlobal Sammiti iştirakçılarına video-müraciətinə və ümumən, COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Şeyxülislam Qlobal Forum çərçivəsində tədbir iştirakçıları ilə bir sıra görüşlər keçirib. Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdüssəlam, Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Yunanıstanın sabiq xarici işlər naziri Dimitris Avramopoulos, Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin müavini Vəlid əl Xreyci və başqaları ilə dialoqlarda qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.
X Qlobal Forum işini davam etdirir.