“Vaşinqton Ermənistanda qərbyönlü partiyaların 2026-cı il seçkilərində parlamentə daxil olmasına kömək etmək üçün onların siyasi “təşviqatına” başlayıb”.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun bəyanatında deyilir.
Bildirilir ki, Ermənistan hakimiyyətinə qonşu Gürcüstandan nümunə götürmək, obyektiv milli maraqlara, adət-ənənələrə və dəyərlərə üstünlük vermək təklif olunur.
Bununla da Rusiya Ermənistanı Gürcüstan nümunəsi üzərindən təhdid edib.
Maraqlıdır, Qərb Paşinyana rəğmən, Ermənistanda kimlərisə hakimiyyətə gətirə bilər?
Azad Vətən Partiyasının sədri Akif Nağı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Gürcüstanda gərgin qarşıdurma şəraiti var:
"Oradakı proseslərin Rusiyanın ssenarisi olduğunu və nə ilə yekunlaşacağını demək olmaz. Üstəlik, qərbyönümlü xətt Gürcüstanda özünə kifayət qədər yer edə bilib. Onların tərəfdarları da çoxdur, sosial bazaları da var.
Birdən-birə hansısa güc tətbiq etməklə o ideologiyanı aradan qaldırmaq mümkün deyil. Ona görə də Kreml qəti şəkildə Gürcüstanı Qərbin nəzarətindən çıxardığını deyə bilməz".
O bildirib ki, hazırda Rusiya Ermənistanı Gürcüstan nümunəsi üzərindən təhdid edir:
"Rəsmi Moskva Ermənistanı qərbyönümlü deyil, Rusiyayönümlü mövqe tutmağa çağırır. Hərçənd ki, Ermənistanda Baş nazir Nikol Paşinyan qərbyönümlü siyasi qüvvə kimi hakimiyyətə gəlib. İndi də Rusiyanı nəzərə alsa da, Qərbə daha çox bağlıdır. Ancaq Ermənistanda hazırda qərbyönümlü sosial bazası olan partiyalar gözə dəymir.
Paşinyan həm özünü qərbyönümlü hesab edir, həm də Rusiya ilə münasibətlərini normal saxlayır. Üstəlik, Paşinyanın kiminsə yeni qərbyönümlü qüvvə kimi önə çıxmasına imkan verməz".
Onun sözlərinə görə, Paşinyan ölkəsindəki digər partiyalara nisbətən Rusiya ilə də daha yaxındır:
"Bütün bu səbəblərə görə Qərbin Ermənistanda Paşinyana qarşı hansısa qüvvəni hakimiyyətə gətirəcəyi inandırıcı deyil. Yəni Qərbin Ermənistan parlamentində nə Paşinyana, nə də Rusiyapərəst qüvvələrə qarşı üstünlük qazanması gözlənilmir.
Hətta kimisə hakimiyyətə gətirmək istəsələr belə, əhalinin böyük kütləsinin dəstəyini qazana bilməyəcəklər. Çünki Ermənistandakı qərbyönümlü insanlar əsasən Paşinyanın yanındadırlar və yeni qüvvənin ardınca gedəcəkləri də real görünmür".