AZ

Kənan Həkimov: Ağdam təmsilçisi Fransa klubunu məğlub edə biləcək səviyyədədir

Çox keyfiyyətli komandaya qarşı oynayacağıq.
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.
Mütəxəssis komandanın sabahkı görüşə hazırlığını dəyərləndirib:
"Vacib oyundur, pis hazırlaşmamışıq. Çox istəyirik ki azarkeşlərimizi sevindirək və uğurlu çıxış edək. Rəqibin heyətinə baxmışıq. Özümüzlə bağlı müəyyən sual doğuran məsələlər var. Böhran oldu-olmadı istənilən komandaya qarşı hazırlaşırıq. Bu cür klubların maliyyə böhranının yoluna qoyulmasında problem görmürəm. Böyük klublarda da böhran olur. Məncə, belə fikirlərdən uzaq olmaq lazımdır".
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.

İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov  "Sherg.az"a bildirib ki, "Qarabağ" oyuna qələbə üçün çıxacaq:

“Rəqibin gücünü nəzərə alsaq "Lion"la oyundan minimum 1 xalla ayrılmaq da qənaətbəxş nəticə sayıla bilər. Əslində "Qarabağ"ın "Ayaks"la Bakıdakı oyuna da əla başlamışdı. Ağdam təmsilçisi dominant futbol sərgiləyirdi. Hətta sayılmayan qolu da oldu. Lakin Romaonun qırmızı vərəqəsi işləri korladı və oyunun gedişatını dəyişdirdi. Oyundan öncə mətbuat konfransında Qurban Qurbanov bildirdi ki, hücum planında 1-2 əlavələr olacaq. Fikrimcə Norveç səfərində olduğu kimi Aleksey Kaşuk bu dəfə də start heyətində yer alacaq. Hər halda ukraynalı vingerin son oyunlar yaxşı forma yığdığı hiss olunur. Üstəlik "Lion"la oyunda sürətli cinah oyunçusuna ehtiyac olacaq. "Lion" son oyunlar həm Fransa çempionatı, həm Avropa Liqasının liqa mərhələsini götürsək yalnız "Beşiktaş"a məğlub olub. Yəni həm Avropa Liqasında, həm də daxili çempionatda iddiasını davam etdirir. Lakin Ağdam təmsilçisi Fransa klubunu məğlub edə biləcək səviyyədədir. Bu oyun uzun müddət "Lion"da çıxış edən Yassin Benzia üçün də xüsusi əhəmiyyət daşıyacaq. Üstəlik "Qarabağ"ın heyətində Fransa çempionatında oynamış Abdullah Zubir də var. Düşünürəm ki, azarkeşləri maraqlı, qarşılıqlı hücumlar şəraitində keçəcək bir oyun gözləyir. Çünki "Lion" təmsilçimizlə olacaq matçda hücum futbolu oynamağa çalışacaq. "Qarabağ" isə məhz sürətli cinah keçidləri hesabına rəqibini əks hücumlarda yaxalaya bilər. Ümid edirəm ki, komandamız bizi növbəti dəfə qələbə ilə sevindirərək turnir cədvəlində bir neçə pillə irəliləyəcək”.
Seçilən
16
sherg.az

1Mənbələr