AZ

81 nəfərin 1 milyon 232 min manatını ələ keçirən qadının cinayət işi 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq- xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Kərimova Tənzilə Adil qızının məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, zərərçəkən qismində İmanova Elmira Qürbət qızı ifadə verərək bildirib ki, məni bir qız online dəvət edib, ilk olaraq 150 manat qoydum.  16380 manat pul yatırmışam. Sonra qızlarımdan pul alıb qoydum, onlarda faizə götürüblər. Dəvətlilər də 8 mindən çox pul qoyub. 

Növbəti zərərçəkən İsrayılova Fidan Qurban qızı bildirdi ki, ümumilikdə 15 minə yaxın pul qoymuşam, hamısının çekləri də var. Kosmetoloji şirkətdə işləyirdim. Ora gəldilər dedilər xeyriyəçi şirkətdir sonra bildim qumardı. Məni Sevda adlı qadın cəlb edib. Tənzilənin özü ilə necə dəfə telefonda danışmışam, qışqırırdı təhqir edirdi ki, təzə adam gətirməsən verdiyiniz pullar batacaq. 

Müşfiqə Nazim qızı bildirdi ki, mən hepatit xəstəliyindən  əziyyət çəkirdim: "Dedilər xeyriyyə tədbiri var, 100 manat qoydum 500 manat götürdüm. Gördüm gəlir götürən çoxdur, yoldaşım dedi ki, bu 500 manat haram puldur. Tənzilə hər dəfə deyirdi ki, adam gətir, adam gətir. Həmin vaxt uşağım xəstəxanaya düşdü, hətta orda deyirdi ki, həkimləri cəlb elə bu oyuna. Mən qrupa ilk dəfə yazdım ki, polisə verəcəm. O da mənə dedi ki, polisə versən verdiyiniz pullarla özümü qurtaracam. Ümumilikdə 9 minlik çek təqdim etmişəm. Hətta ortada nə qədər çeklər batıb. Bu lotoreya oyununa görə ailəmdən boşandım". 

Zərərçəkən Xəyalə Mirzəyeva bildirdi ki, Tənzilə ilə ancaq qrupda danışıb: "Mənə dedilər lotereyadır. 45 manat qoydum 245 manat götürdüm. Ümumilikdə 2 mindən çox ziyan dəyib. 
Qeyd edək ki, 81 nəfərdən dindirilməyən 16 nəfər qalıb.

Xatırladaq ki, 2022-ci ilin aprel ayından başlayaraq Tənzilə Kərimova internet üzərindən "Onlayn lotereya" oyunları təşkil etməklə qruplar yaradaraq insanların etibarından sui-istifadə edərək 81 nəfərin 1 milyon 232 min 559 manat  pulunu dələduzluq yolu ilə ələ keçirib. İlk əvvəl oyunçu qoşulmaq üçün hər bir şəxsdən 180 manat pul qəbul olunurdu, 8 nəfəri ödənişi cəmi 1440 manat isə qalib gəlmək növbəsi olan şəxsə ödənilirdi. 2022-ci ilin iyul ayından «qat» sistemli oyun yaratmışdır. Həmin sistemə əsasən yatırım etmiş şəxs bir ayın tamamında yatırdığı pulun bir neçə qatı müqabilində gəlir əldə edirdi. Pul vəsaitləri onun və qrup rəhbərinin kartında toplanırdı. Daha sonra həmin kartlardan qalib gələn şəxsin kartına ödəniş edilirdi. Yəni iyul ayının 5-də 500 manat yatırım etmiş şəxs avqust  ayının 5-də 2500 manat pul götürürdü. Bu məqsədlə iştirakçıların pulundan müəyyən qədərini kəsib depozit hesaba yatırırdı. Depozit pullar onun bank kartı hesablarında yığılırdı. Misal üçün iyul ayının 5-nə kimi qoşulmuş və 180 manat yatırım etmiş şəxs 1440 manat deyil 900 manat ödəniş qəbul edirdi, qalan 540 manat isə depozit hesaba yatırılırdı. Depozit hesabdan isə iyul ayının 5-dən sonra 5 qat ödəniş qazanmaq adı ilə yatırım etmiş şəxsin ödənişi verilirdi. 

Əsasən qadınlardan ibarət olan zərərçəkənlər məcbur qalıb DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ediblər və Tənzilə Kərimova barədə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Seymur Əli

Seçilən
23
50
unikal.az

10Mənbələr