Mən deyəndə ki, biz rusiyalı çalışdırıcı Stanislav Çerçesovdan canımızı yaxşı qurtarmışıq, inanmayanlar var idi. Düzdür, AFFA Çerçesovdan daha betərini millimizin başına gətirməklə bizi daha biabırçı vəziyyətə saldı. Fernandu Santuşun rəhbərliyi altında Azərbaycan millisi qitənin ən zəiflərindən birinə çevrildi, son oyunda isveçlilər bizi kötəklədi. Amma mən hardan biləydim ki, AFFA özünü futboldan bixəbər adamların toplaşdığı təşkilat kimi aparacaq, yağışdan çıxıb, yağmura düşəcəyik?
Barmağımızı dişləmişdik. Hiss edirdik ki, hansısa qüvvələr Çerçesovu yarızor, yarıxoş Azərbaycana gətirmək, milli komandanın baş məşqçisi təyin etdirmək niyyətindədilər. Həmin vaxt bu niyyət baş tutmadı, ortaya Qazaxıstan variantı çıxdı və futbol dəllalları onu Xəzərin o tayına göndərdilər. Maqomed Adıyevin çalışdırdığı Qazaxıstan millisi şirə-pələngə dönmüşdü, Avropaya meydan oxuyurdu. Qazaxlar az qalmışdı ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazansınlar. Onun "Terek”ə gedişindən sonra boşalan posta Çerçesov gəldi və hər şey alt-üst oldu.
Adıyevin rəhbərliyi altında Danimarkanı, Finlandiyanı, Şimali İrlandiyanı məğlub edən qazaxlar Çerçesovla göyün yeddinci qatından yerə çırpıldılar. Çerçesov Qazaxıstan yığmasını Millətlər Liqasında 6 oyuna çıxardı, qazaxlar nəinki qələbə qazandılar, heç qol vurmağı bacarmadılar. İlk turda Qazaxıstanla oyunda xal itirən Norveçin qisası isə xeyli ağır oldu, Oslodakı qarşılaşmada şimallılar beş cavabsız qolla qələbə qazandılar.
Bütün bunları ona görə qeyd edirəm ki, rusiyalı məşqçilərin bacarığını, onların mütəxəssis kimi səviyyəsini bir daha görmüş olaq. Çerçesovun Macarıstandan necə qovulduğunu yaxşı xatırlayırıq. Təəssüflər olsun ki, gözümüzün önündə baş verənləri düzgün analiz edib, nəticə çıxarmağı bacarmırıq. Bacarsaydıq, baş məşqçi kimi təcrübəsi olmayan, Çinin "Şanxay Şenxua” klubunda köməkçi kimi çalışan Vasili Berezutskini bəh-bəhlə Azərbaycana dəvət edib, "Sabah”ı ona tapşırmazdıq. Bəli, mən başa düşürəm ki, gənc mütəxəssislərə şans vermək lazımdır, onlar da nə vaxtsa hər şeyə sıfırdan başlamalıdırlar. Amma nə üçün rusiyalıya verdiyimiz şansı özümüzkülərə vermirik? Yaxud da, bu sualı tərs tərəfdən verək. Nə üçün rusiyalı gənc mütəxəssislərə bu şansı Rusiya klubları özləri vermir?
Azərbaycanlı futbolçuların, hakimlərin və məşqçilərin daim şikayətləndiyi bir məqam var. Deyirlər ki, Azərbaycan futbolunun Avropada nüfuzu aşağıdır, uğurlarımız yoxdur. Ona görə də bizim mütəxəssislərimizə, hakimlərimizə və futbolçularımıza Avropada etimad göstərmirlər. Məsələ ondadır ki, heç rusların da hansısa uğuru yoxdur. Adı Azərbaycanda dillər əzbəri olan Çerçesovun Avropada gedə bildiyi ən uzaq yer Macarıstanın "Ferentsvaroş” klubu olmuşdu. Macarıstan çempionunu da Çempionlar Liqasından Çerçesovla birlikdə elə bizim "Qarabağ” qovmuşdu. Vasili Berezutski də rusların ən tanınmış məşqçilərindən olan Leonid Slutskiylə birlikdə Avropada özünə yer tapmayıb, Çinə üz tutmağa məcbur qalıb.
"Sabah”ın prezidenti Maqsud Adıgözəlov Berezutski seçiminə maraqlı izah verib. Sitat: "Burada onun istəyi və motivasiyası əsas rol oynadı”. Hardan bilirsiz ki, azərbaycanlı məşqçilərdə o istək və motivasiya yoxdur? Hansını çağırıb, soruşmusuz? Əminəm ki, heç birini. Bu gedişlə sizin də Çerçesova qucaq açanlar kimi məyus olacağınız gün uzaqda deyil...
Amal Abuşov