AZ

Bakının sərnişindaşıma problemi: səbəb və həll yolu – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Azərbaycan o ölkələrdəndir ki, mədəni və iqtisadi potensialının çoxu, ölkə əhalisinin az qala yarısı demək olar ki, yalnız paytaxtda cəmləşib. Düzdür, qeyd olunan faktorlar bəzi ölkələrdə də müşahidə olunur. Amma Bakının digərlərindən fərqi ondadır ki, ölkənin digər bölgələrində sadalanan sistemlər zəif formada olduğundan bütün ağırlıq paytaxta düşüb. Ultra-urbanizasiya prosesinin mənfi təsirləri özünü şəhərdaxili nəqliyyatda da göstərir.

Paytaxtın nəqliyyat sistemində, daha doğrusu şəhərdaxili avtobus nəqliyyatında həyata keçirilən islahatlar öz müsbət yönləri ilə yanaşı mənfi nəticələrini də verdi. Kiçik tutumlu avtobusların əksəriyyətinin marşrutlardan çıxarılması və iri tutumlu avtobuslarla əvəzlənməsi də problemi həll edə bilmədi.

Şəhərdaxili avtobus marşrutlarının yenilənməsi, daha iritutumlu və keyfiyyətli avtobusların gətirilməsi işini müsbət qiymətləndirmək olar, amma iri tutumlu avtobuslar keyfiyyətli xidmət cəhətdən üstün olsa da, Bakının dar küçələrində onların hərəkəti əlavə problemlər yaradır. Üstəlik, bu avtobuslar olduqca ləng hərəkət edirlər ki, bu da sərnişinlərin mənzil başına nəzərdə tutduqları vaxtdan gec çatmalarına səbəb olur.

Son vaxtlar bəzi şəhər küçələrində xüsusi avtobus zolaqlarının yaradılmasını alqışlamaq olar, bunun nəticəsində problemin kəskinliyi bir qədər azalıb. Həmin xüsusi zolaqlar yaradılan küçələrdə avtobuslar tıxac vaxtları belə normal hərəkət edə bilir. Təəssüf ki, heç də bütün küçələrdə belə zolaqlar yaratmaq mümkün deyil, lakin mümkün olan küçə və prospektlərdə bunun yaradılması vacibdir.

Sərnişindaşımanın daha bir paradoksal və problemli cəhəti var ki, bu da marşrutların düzgün təşkil edilməməsidir. Təəccüblüdür ki, metrodan-metroya marşrutlar daha çox paylanıb, metro olmayan yerlərə isə əksinə, daha az marşrut işləyir. Bundan başqa, marşrut xətlərinin bir çoxu ləğv edilib, hərəkət xətləri qısaldılıb. Bu da sərnişindaşımada böyük disbalans yaradır. Bəzi ərazilərdə yaşayanlar şəhərin başqa yerinə getmək üçün 2-3 marşrut dəyişməyə məcbur olurlar ki, bu da əlavə vaxt və pul itkisi deməkdir.

Marşrutların və avtobusların sayı, intervalı tələbata uyğun deyil. Konkret olaraq, marşrut sahiblərinə şərti olaraq 100 sərnişini 3 avtobusla daşımaqdansa, 2 avtobusla daşımaq sərf edir. Əlavə avtobus isə əlavə xərclər deməkdir. Nəticədə əksər marşrutlarda sərnişinlər ayaq üstə getməyə belə yer tapmırlar. Bu da onsuz da yaxşı olmayan sürücü-sərnişin münasibətlərini daha da gərginləşdirib. Hər gün bir çoxumuz sürücü-sərnişin mübahisəsinin, bəzi hallarda isə hətta davasının şahidi oluruq.

Tramvay və trolleybus kimi səmərəli, ucuz, ekoloji təmiz nəqliyyat sistemlərinin ləğv edilməsi ilə Bakıda böyük problem yarandı. İndi bu boşluğu havaya zəhərli qazlar buraxan, şəhərdə tıxaclar yaradan avtobuslar və taksilər doldurur. Bir də metro, hansı ki, uzun illərdir vaqonlarında sərnişinlər bir-birinin “belində” gedir. Yeri gəlmişkən, pis saatlarda metroda da həddən artıq sıxlıq olur, qatarların hərəkət cədvəli isə onsuz da maksimum tezlikdə tərtib olunub bundan artyıq yüklənməsi mümkün deyil. Yerüstü nəqliyyat normal tənzimlənsə metronun da yükü azalar. Metro stansiyalarının sayının artıırılmasına ciddi ehtiyac var.

Taksi sahəsində aparılan islahatlar isə sərnişindaşımada vəziyyəti daha da ağırlaşdırıb. Taksilərin sayının müxtəlif tələblərlə kəskin azaldılması, yölüstü sərnişin götürən maşınların yol və küçə kənarlarına yaxınlaşa bilməməsi nəticəsində avtobuslar daha çox yüklənib, sərnişinlər uzun müddət dayanacaqlarda qalırlar. Velosiped zolaqları isə ümumiyyətlə nəticə vermədi, yalnız nəqliyyat axınında gərginliyi daha da artırdı.

Problemi həll etmək üçün paytaxtın sərnişin nəqliyyatında əsaslı islahatlar aparılmalıdır. Tramvay və trolleybuslar bərpa edilməlidir. Bu nəqliyyat sistemləri həm ekoloji təmiz olmaları, həm gediş haqqının avtobuslara nisbətən ucuz olması, həm daha çox sərnişin daşıma qabiliyyəti, həm də istənliən hava şəraitində (tramvay) işləyə bilməsi ilə seçilir. Vaxtilə ləğv edilmiş şəhərkənar elektrik qatarları sistemi bərpa olunmalı, dəniz üzərindən kiçik gəmi marşrutları təşkil olunmalıdır. Bu tədbirlər şəhərin sərnişindaşımadakı problemini həll edə bilər.

Seçilən
14
sesqazeti.az

1Mənbələr