Bakı Mühəndislik Universiteti (BMU) ilə Əlcəzair Respublikasının Relizane Universiteti arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.
"Unikal" xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev və Relizane Universitetinin rektoru Ahmed Bahri tərəfindən imzalanan sənəd tədris və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması, birgə elmi-tədqiqatlar üçün təkliflər hazırlanması, təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə üsulları haqqında məlumat mübadiləsi, ətraf mühitin idarə olunması üzrə birgə tədbirlərin təşkili, tələbə, işçi heyəti, o cümlədən elmi və metodik nəşrlərin mübadiləsi məsələlərini əhatə edir.
İmzalanma mərasimində çıxış edən Yaqub Piriyev qonaqlara BMU haqqında ümumi məlumat verib. Universitetdə həyata keçirilən yenilikləri vurğulayan rektor ali təhsil ocağında Azərbaycan və ingilis dillərində tədris aparıldığını, informasiya texnologiyaları və başqa istiqamətlər üzrə yeni ixtisasların açıldığını deyib. Ölkəmizin xaricdə təhsil proqramlarından danışan, bu siyasətin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdıran Yaqub Piriyev son illər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən xaricdə təhsillə bağlı dövlət proqramlarını və aidiyyəti statistik göstəriciləri qeyd edib. Hazırda ölkəmizdə beş tam dövlət təqaüdlü ikili dövlət proqramının icra olunduğunu fikirlərinə əlavə edən rektor həmin proqramlardan birinin BMU ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirildiyini söyləyib. Universitet rəhbəri Azərbaycanla Əlcəzair arasında dostluq münasibətlərinə də toxunub, BMU ilə əsası qoyulan əlaqələrin iki ölkənin təhsil sahəsindəki əməkdaşlığına töhfələr verəcəyinə inandığını bildirib.
Bakıda olmaqdan məmnunluğunu dilə gətirən rektor Ahmed Bahri isə öz növbəsində Relizane Universiteti ilə bağlı ətraflı danışıb, müxtəlif ixtisaslar üzrə ümumilikdə 14 min tələbənin təhsil aldığı ali məktəbin maddi-texniki bazası haqda zəruri informasiyaları təqdim edib. BMU-da yüksək səviyyədə təhsilin mövcudluğundan məlumatlı olduğunu, burada əlcəzairli gənclərin də təhsil aldığını vurğulayan rektor ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini söyləyib.
Görüşdən sonra qonaqlar BMU-nun müasir laboratoriyaları və Texnoparkı ilə tanış olublar.