Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur. Bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Bəs qanun qəbulu turizm sektorunda özünü necə göstərəcək?
Bu barədə turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Redaktor.az-a açıqlamasında bildirib ki, Azərbaycan artıq bir neçə ölkə ilə vizaları tamamən ləğv edib:
"Hətta keçən aylarda Çindən birtərəfli qaydada vizanın ləğv olunmasını da həyata keçirdik və bu, ölkələr arasında iqtisadi-siyasi yaxınlaşmanın da göstəricisidir. Eyni zamanda gələcəkdə də turizmdə qarşılıqlı gəliş-gedişlərin sayına müsbət təsir edən addımlardandır. Artıq noyabrın 29-da Milli Məclisdə müzakirəyə çıxarılacaq məsələ böyük ehtimal ki, müsbət mənada öz həllini tapacaqdır və hələ ki, xüsusi pasportlara, diplomatik nümayəndələrə aid olsa da, gələcəkdə bunun siyahısı daha da genişləndirilə bilər".
C.Aşurovun sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanı üçün Azərbaycan bazarı maraqlıdır:
"Xüsusən də yay mövsümündə daha çox Körfəz ölkələrindən, eyni zamanda Səudiyyə Ərəbistanından qonaqlar ölkəmizə gəlirlər. İndoneziya ilə bağlı ciddi potensial var. Hətta İndoneziyanın Azərbaycandakı səfirliyi də bir neçə dəfə İndoneziyadan gələn turistlərin Azərbaycandan keçməsi ilə bağlı cəhdlər edib, bununla bağlı müxtəlif görüşlər keçirilib. İndoneziyadan milyonlarla insan İslam dini etiqadı ilə əlaqədar olaraq hər il ümrə ziyarəti həyata keçirir və onlar mütləq ya ziyarətdən öncə, ya da sonra müxtəlif İslam ölkələrində səyahət etməyi sevirlər. Bu qrupların da gələcəkdə Azərbaycan üzərindən keçməsi ehtimalları artır. Onlar kifayət qədər ciddi turist qruplarıdır və Azərbaycan da bir turizm məkanı kimi, həm də islami dəyərlərə malik olan bir dövlət kimi bu ölkələrdən də gələn turistlərin sayının artmasına kömək ola bilər".
Turizm eksperti qeyd edib ki, turistlər o ölkələrə daha çox səyahət edirlər ki, ora getmək asandır və bunun üçün çoxlu səbəblər var:
"Vizaların olmaması və ya rahat olması, yerində olması, birbaşa uçuş imkanlarının olması və yaxud daha əlverişli uçuş imkanlarının yaradılması kimi addımlar həmin ölkəyə turist axınının artmasına səbəb olur. Azərbaycan coğrafi olaraq çox əlverişli mövqedədir. Düşünürəm ki, bu kimi ilkin yaxınlaşmalar gələcəkdə qarşılıqlı vizaların bu ölkə vətəndaşları arasında daha da sadələşməsinə və yaxud da daha çox ölkələrlə viza rejiminin götürülməsinə xidmət edəcəkdir. Eyni zamanda ölkələrin bu cür yaxınlaşması turizm sektorunun canlanmasına öz töhfəsini verəcək".
Qeyd edək ki, hər iki dövlətin vətəndaşları üçün Azərbaycan tərəfindən sadələşdirilmiş viza rejimi tətbiq edilirdi.
Sevinc İBRAHİMZADƏ