Rusiya rublunun ABŞ dollarına nisbətdə məzənnəsi ilk dəfə olaraq 2022-ci ilin mart ayı səviyyəsinə düşüb. Qeyd edək ki, həmin vaxt bu çöküş Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalçılıq müharibəsinin başlamasının yaratdığı şok effekti və Qərbin elan etdiyi sanksiyalarla bağlı idi.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, noyabrın 26-da beynəlxalq “Forex” valyuta bazarında 1 dollar 105,59 (rəsmi məzənnə 103,7908 rubl) rubla ticarət olunurdu ki, bu da ondan əvvəlki günlə müqayisədə təxminən 1,5 rubl baha idi. Avronun məzənnəsi 1,8 rubl artaraq 110,9 rubla (rəsmi məzənnə 108,8705 rubl), yuanın məzənnəsi isə 14,5 rubla (bir gün əvvəlkindən 0,19 rubl baha) çatıb.
Bu gün dollar və digər valyutalar bir qədər də bahalaşıb. Rusiya Mərkəzi Bankının noyabrın 27-nə müəyyən etdiyi rəsmi valyuta məzənnələrinə görə də rubl Amerika və Avropa valyutaları qarşısında sürətlə ucuzlaşmasını davam etdirir. Dolların rəsmi məzənnəsi 1,2696 rubl artaraq 105,0604 rubl (noyabrın 26-na 103,7908 rubl) təşkil edib. Avronun məzənnəsi 1,6238 rubl bahalaşaraq 110,4943 rubl təşkil edib (əvvəlki dəyər 108,8705 rubl idi).
“Valyuta bazarında qeyri-dost ölkələrin valyutaları ilə ticarətin dayandırılması Mərkəzi Bank tərəfindən dollar və avronun məzənnələrinin müəyyən edilməsi üsullarının dəyişməsinə səbəb oldu”, - bunu rusiyalı mütəxəssis, “Banki.ru”-nun baş analitiki Boqdan Zvariç deyib. O, əlavə edib ki, hazırda rəsmi məzənnəni müəyyən edərkən tənzimləyici qurum bank hesabatlarına və rəqəmsal birjadankənar ticarət platformalarından alınan məlumatlara əsaslanır.