AZ

Kulturoloqun qızların bakirəliyi ilə bağlı sözləri qınandı

Azərbaycanda tez-tez “namus davası” başlıqlı videogörüntülər sosial şəbəkələrin gündəmini zəbt edir. Burada daha çox xənayət edən qadınlar ön plana çıxarılır. Bəs görəsən, son illər baş verən və ardı-arası kəsilməyən “namus” cinayətlərinin səbəbi nədir? Azərbaycan kişi və xanımlarını namus davasının kökündə nə durur?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq  Aydın Xan Əbilov bildirib ki, bu cür hadisələr hüquqi baxımdan qanunsuzluq olduğu üçün bu əməllərə heç bir halda haqq qazandırmaq düzgün deyil:

“Orta əsrlərdən bu yana bizim mübarizə apardığımız “qan davası”, “namus davası”, bakirəliklə bağlı bəhanələr kimi məsələlər yenidən dəbə düşüb. Bu cinayətlərdə də daha çox qadınların şantaj edilməsi, qətlə yetirilməsi sonda biz kişilərin başında çartlayacaq. Çünki ictimai problemlərin hamısının gedişində iki tərəf də günahkar olur. Əgər biz qadınları suçlayırıqsa, həm də buna səbəbkar kişilərdir. Bu gün qadınlara basqı etsək, sabah qadınların üsyanı baş verə bilər. Necə ki Qərbdə geniş feminizm inqilabı oldu, qonşu ölkələrdə – İranda, Türkiyədə də bu cür üsyanlara şahid olduq. Biz artıq qadınların dominantlığını görürük”.

Kulturoloqun sözlərinə görə, qadın və kişi arasındakı bu mənasız münaqişələrin kökündə dayanan səbəblər aradan qaldırılmalıdır:

“Bu baxımdan kişi və qadınlar arasındakı mənasız “namus davası”nın ictimai və sosial köklərini araşdırmağa başlamalıyıq. Burada mental, dini dəyərlərdən irəli gələn, Azərbaycana həm Şərqdən, həm Qərbdən ixrac olunan yeni-yeni dini və məzhəb dəyərləri, üstəlik pandemiya, işsizlik, qapanma, hərəkətsizlik, xəstəlik, sosial şəbəkə və internetdən çox istifadə, asosiallıq kimi sosial problemlər ona gətirib çıxarır ki, xanımlarla kişilər arasında konfliktlər, münaqişələr baş verir və bu münaqişələrin də bəhanəsi namus, vicdan yaxud bakirəlik kimi vaxtilə aktual olan, artıq öz aktuallığını itirmiş mənasız anlayışlar olur.  Maarifçilik, cəmiyyətin ictimai tənəsi, ictimai qınaq, dövlət qurumları ilə ictimaiyyətin birgə səyləri və bu tipli məsələlərin həllində cəmiyyətə kömək etmiş olar. Lakin istənilən halda, bununla bağlı ailə mərkəzləri, ailə institutlarımızla məşğul olan ailəşünaslar, qadın və kişi psixoloqları, ailə terapistləri və cəmiyyətin müxtəlif peşə sahibləri müxtəlif addımlar atmalıdır. Əks halda, problemin kökü daha da kəskinləşə bilər”.

Seçilən
11
millitv.net

1Mənbələr