Avropa Parlamentindəki “Suveren Millətlər Avropası” qrupunun üzvü, bolqarıstanlı deputat Petar Volqin, Avropanın “onu məhv edəcək şeytanlar tərəfindən idarə edildiyini” iddia edərək, prezident seçkilərində uduzan ABŞ rəhbərliyini Ukraynada sülhün qarşısını almaqda ittiham edib.
Avropa İttifaqının Ukraynaya verdiyi dəstəyi və Rusiya ilə Şimali Koreya arasında artan hərbi əməkdaşlığın müzakirə edildiyi Avropa Parlamentinin iclasında çıxış edən Volqin, Ukraynaya verilən hərbi dəstəyin təkcə müharibəni uzatmaq deyil, həm də dünyanı nüvə fəlakətinə sürüklədiyini bildirib.
Son zamanlar tez-tez gündəmə gələn “Üçüncü Dünya Müharibəsi” ehtimalından danışan ifrat sağçı Volqin deyib ki, bizi heç kimin görmədiyi Şimali Koreya əsgərləri ilə qorxudurlar, lakin Aİ liderləri və bəzi başqaları qarşıdan gələn III Dünya Müharibəsi təhlükəsini görmürlər.
Qlobal müharibə təhlükəsinin real göründüyünü iddia edən Volqin bildirib ki, ABŞ-dakı Demokratlar Partiyası və onun Avropadakı vassalları Kiyevdəki səlahiyyətlilərə Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib. O, Aİ liderlərini “başsız süvarilərlə” müqayisə edib.
ABŞ-da mövcud administrasiyanın prezident seçkilərində uduzduğuna görə qəzəbləndiyini və Ukraynada sülhün qarşısını almaq üçün hər şeyi etdiyini iddia edən Volqin daha sonra deyib: “Bunu anlayıram, amma Avropa İttifaqı liderlərinin başsız süvarilər kimi fəlakətə doğru niyə qaçdığını anlamıram. Zelenskiyə uzaqmənzilli raketlər verməkdə daxil bütün bunların təkcə müharibəni uzatmadığını, eyni zamanda bizi nüvə fəlakətinin bir addımlığına gətirdiyini anlamırlar. Təəssüf ki, bu gün Avropa heç şübhəsiz onu məhv edəcək şeytanlar tərəfindən idarə edilir”.
TAHİR