Məhkəmə iki il davam edən prosesi yekunlaşdırmır
Abşeron Rayon Məhkəməsinin yazar Zümrüd Yağmur barəsində axtarış elan etdiyi bildirilir.
Məlumatı "Qafqazinfo” yazarın bacısı Sürəyya Ağayevaya istinadən verib.
Sürəyya Ağayeva onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Məlumatda qeyd olunur ki, Zümrüd Yağmur barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsə də, onun ölkəni tərk etdiyi məlum olub.
S.Ağayeva Zümrüd Yağmurun Ankarada olduğunu iddia edib.
Hakimiyyətyönlü medianın onun mövqeyini almadan xəbər yazmasını şəxsinə qarşı qərəzin nümunəsi kimi görən Zümrüd Yağmur Meydan TV-yə deyib ki, sözügedən məhkəmə prosesi 2021-ci ildən davam edir: "Sürəyya Ağayeva guya ona "təcavüzkarın anası” dediyim üçün 2021-ci ildə xüsusi ittiham qaydasında məni məhkəməyə vermişdi. Hansı ki, onun oğluna hökm oxunub və doğrudan da təcavüzkarın anasıdır. Buna baxmayaraq, məhkəmə davam edirdi və məsuliyyətə cəlbetmə müddəti 6 aydan çoxdur ki, bitib. Hər kəs bilir ki, xüsusi ittiham qaydasında cəlbetmə müddəti 2 ildir. Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyeva dəfələrlə vəsatət qaldırmağımıza baxmayaraq, işi tamamlamayıb. Bu, qanunsuzluqdur, mənə qarşı qərəzdir”.
Zümrüd Yağmur deyir ki, dəfələrlə bununla bağlı Məhkəmə Hüquq Şurasına hakimin hərəkətindən şikayət edib, ancaq heç bir ölçü götürülmür:
"Təəssüf ki, Məhkəmə Hüquq Şurası müraciətlərimlə bağlı tədbir görmür. Hər dəfə mənə yazır ki, bu, məhkəmənin özünün ixtiyarındadır. Mən başa düşə bilmirəm, məhkəmənin ixtiyarındadırsa, onda niyə qanun var və orada 2 il müddət göstərilir? Əgər bir hakim qanunları heçə sayırsa və Məhkəmə Hüquq Şurası buna göz yumursa, o zaman niyə bu qurumlar var, dövlət büdcəsindən maaş alırlar? Bütün bunlar açıq suallardır. Uzun illərdir mənə qarşı qərəz Sürəyya Ağayevanın əli ilə davam edir və bu da onun bir nümunəsidir”.
"Sürəyya Ağayeva istəyir ki, oğlu həbsdə olduğu müddətdə mən də əziyyət çəkim. Məhkəmə də bundan istifadə edib işi bitirmir, qəsdən süründürməçilik yaradır”, – yazar deyib.
Zümrüd Yağmur hazırda ölkədə olmadığını təsdiqləyib: "Mən müalicə üçün Ankaraya getmişdim, bir neçə gün orada qaldıqdan sonra Niderlanda, qızlarımın yanına gəldim. Vəkilim Zibeydə Sadıqova səhhətimlə əlaqədar ölkədə olmadığımdan məhkəmənin onlayn keçirilməsi üçün vəsatət qaldırmağa hazırlaşırdı. Buna baxmayaraq, Cəmilə Səfiyeva qanunsuz olaraq götürüb cəlbetmə müddəti bitmiş bir işlə bağlı məni axtarışa verib”.
Məhkəmənin Zümrüd Yağmurun iştirakı ilə keçirildiyini təsdiqləyən elektron sənəd
Vəkil Zibeydə Sadıqova da çıxarılmış qərarı qanunsuz hesab edib: "İndiyədək nə qədər məhkəmə prosesi olubsa, hamısında Zümrüd xanım iştirak edib. Hətta bəzən mən gedə bilməmişəm, amma onun özü gedib. İndi də növbəti prosesdə səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini yazılı bildirib. Görünür öyrəniblər ki, ölkədə deyil, ona görə də axtarışa verilib. Digər məsələ, xüsusi ittiham qaydasında olan işdə 2020-21-ci illərdə olan yazılardan şikayət edilib. Hansı ki, onlar da əsassızdır. Lap məhkəmə baxsa belə, müddət keçdiyi üçün Zümrüd xanıma heç bir cəza təyin edə bilməz. Belə olan halda niyə axtarışa verilir?”
Vəkil hesab edir ki, 2022-ci ildə başlayan məhkəmə prosesini qəsdən yekunlaşdırmırlar.
Zümrüd Yağmurun qızının şikayətindən sonra bacısı oğlu Əsgər Ağazadə zorlama ittihamı ilə həbs edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.