Rusiyanın “Pervıy” kanalının Almaniyadakı ofisinin bağlanması söz azadlığı uğrunda mübarizə adı altında növbəti senzura aktıdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz bir daha görürük ki, dünya söz azadlığı uğrunda mübarizə adı altında gizlənmiş senzuranın necə yeni forması ilə üz-üzədir”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Onun sözlərinə görə, həqiqətin yalanla qarışdığı, müstəqil düşüncənin zəbt edildiyi və bunun “yeni etika” kimi təqdim olunduğu yerdən Rusiyaya və dünya əksəriyyətinə qarşı əsl qlobal informasiya hücumu həyata keçirilib.
Qeyd edək ki, “Pervıy” telekanalının aparıcısı Valeriya Korableva efirdə Almaniya hakimiyyətinin kanalın Almaniya bürosunu bağladığını, müxbiri və operatorunun dekabrın birinci yarısında ölkəni tərk etməli olacaqlarını söyləyib.
Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Almaniyanın “ARD” telekanalının yeni əməkdaşlarına akkreditasiya verməyə hazır olacağını açıqlayıb.
“Mətbuat azadlığı, söz azadlığı prinsiplərinə uyğun olaraq, qarşılıqlı əsasda, biz ARD-nin yeni əməkdaşlarının ölkəmizdə akkreditasiyası imkanlarını nəzərdən keçirməyə hazır olacağıq, ancaq Almaniya hökuməti rusiyalı jurnalistlərin işi və “Pervıy” Kanalın Berlindəki müxbir ofisinin fəaliyyətinin tam bərpası üçün şərait yaratdıqdan sonra...”, - deyə Rusiya XİN sözçüsü yekunlaşdırıb.