AZ

Muradov “Şamaxı”dan qovuldu

Bu ilin yayında “Zirə” ilə yollarını ayıran və azad aent kimi “Şamaxı”ya keçən yarımmüdafiəçi İlkin Muradov yenidən klubsuz qalıb.

Arena.az xəbər verir ki, əyalət klubu bu gün Muradovla yollarını ayırıb.

Bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub İlkin Muradova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

“Şamaxı” Muradovla yolların ayrılmasının əsl səbəbini açıqlamayıb. Amma əldə etdiyimiz məlumata görə, futbolçunun vaxtından əvvəl göndərilməsinə onun intizamsızlığı səbəb olub. Baş məşqçi Ayxan Abbasov onun müqaviləsinin sonunadək komandada qalmasını istəməyib.

Xatırladaq ki, 28 yaşlı futbolçu yayda bu klubla 1 illik müqavilə imzalamışdı. Bir sözlə, o, bu mövsümün sonunadək əyalət klubunun uğurları üçün çalışmalı idi.

İlkin Muradov “Zirə”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi paytaxt klubunun heyətində 156 oyuna çıxıb. O, bu oyunlarda 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Muradovun “Şamaxı” karyerası isə cəmi 12 oyun və 1 məhsuldar ötürmədən ibarətdir.

“Səbail”də də oynamış Muradov Azərbaycanın U-21 yığmasında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

“Şamaxı” bu mövsümə uğurlu start versə də, sonradan bunun davamını gətirə bilmədi. Komanda 7 oyundur qələbəyə həsrətdir. Əyalət təmsilçisi bu oyunlarda 2 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. “Şamaxı” bütövlükdə 13 oyuna 3 qələbə qazanıb, 4 heç-heçə edib, 6 oyunda xalsız qalıb. 13 xalı olan Abbasovun komandası 7-ci pillədə qərarlaşıb.

Seçilən
19
arena.az

1Mənbələr