Amerika aviaşirkətləri müştərilərdən əlavə xidmətlər üçün tələb etdikləri "junk fees" (əlavə ödənişlər) vasitəsilə milyardlarla dollar gəlir əldə edir. Bu xidmətlər arasında salonda xüsusi yer seçimi (pəncərə kənarı, keçid yaxınlığı, geniş ayaq məsafəsi və s.) xüsusi yer tutur.
Valyuta.az xəbər verir ki, bu məlumatlar ABŞ Senatının daimi araşdırma alt komitəsinin hesabatında yer alıb və CNN tərəfindən dərc edilib.
2018-2023-cü illər arasında ABŞ-ın beş ən iri aviaşirkəti təkcə yer seçimi xidmətindən 12 milyard dollardan çox gəlir əldə edib. Halbuki əvvəllər bu imkan biletin qiymətinə daxil idi.
Hesabata əsasən, 2023-cü ildə "United Airlines" geniş ayaq məsafəsi olan yerlər üçün sərnişinlərdən 319 dollara qədər ödəniş tələb edib. Bu xidmətə görə "Spirit Airlines" 299 dollar, "Delta Air Lines" 264 dollar, "Frontier Airlines" 141 dollar, "American Airlines" isə 140 dollar alıb.
Aparılmış yoxlamalar göstərir ki, bəzi aviaşirkətlər, xüsusilə aşağı büdcəli "Frontier" və "Spirit", sərnişinlərin əl baqajı qaydalarına riayət etmədiyini müəyyən etmək üçün ciddi tədbirlər görür. 2022-2023-cü illər ərzində bu məqsədlə "Frontier" və "Spirit" əməkdaşlarının motivasiyası üçün 26 milyon dollar xərcləyib. "Frontier" işçiləri hər qaydalara uyğun olmayan baqaj üçün əlavə 10 dollara qədər bonus ala bilirlər. Şirkət bu praktikanı təsdiqləyərək, bunun işçilərin motivasiyasını artırdığını və qaydalara riayət edən sərnişinlərə qarşı ədalətli münasibəti təmin etdiyini bildirib.
Aviaşirkətlər əlavə xidmətlərdən əldə edilən gəlirlərin sərnişinlər üçün sərfəli uçuşların təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Bununla belə, "Delta" və "American" istisna olmaqla, bir çox aviaşirkətlərin bəzi əlavə xidmətlərə görə federal vergidən yayınmaq məqsədilə bu ödənişləri "vergi tutulmayan" olaraq qeyd etdiyi müəyyən edilib.
Aviaşirkətlər CNN-ə açıqlamalarında Senatın alt komitəsinin nəticələrilə razılaşmadıqlarını və göstərilən xidmətlərin qiymət formalaşdırma sisteminin şəffaf olduğunu bildiriblər. Gələn həftə Senatda bu məsələlər üzrə dinləmələr keçiriləcək.
Paşa Məmmədli