Robert Mobili: “Udilər bu irsin birbaşa dini varisləridir”
Ermənilər uzun illərdir ki, Xudavəng monastırı ilə bağlı uydurmalar, qondarma iddialar irəli sürürlər. Kəlbəcər rayonunda yerləşən Xudavəng (Dədəvəng) monastırı alban-xristianlıq irsinin yadigarıdır və o, Qafqaz Albaniyasının qədim abidəsidir.
Kəlbəcər 2020-ci ilin 25 noyabrında Azərbaycana təhvil verildi və o gündən də ermənilərin qarnına sancı dolmağa başladı ki, uzun illər saxtalaşdırıb erməni Qriqoryan kilsəsinin adına çıxdıqları abidələr, monastırlar yenidən öz sahibinə qaytarılacaq. Elə də oldu.
Son günlər erməni mediası Xudavəng ətrafında növbəti çirkin kampaniyalarını davam etdirirlər. Erməni KİV-i yazır ki, Xudavəng monastırı Alban-Udi İcmasının idarəçiliyinə verilib. Erməni mətbuatı monumentwatch.org-un yazdığı “1993-2020-ci illərin işğalı dövründə ermənilər məbədin tarixini saxtalaşdırmağa, özlərininki kimi təqdim etməyə çalışıblar və işğaldan azad edildikdən sonra o, ilkin sahiblərinə qaytarılıb” fikrini də verib, amma təbii ki, özlərinin saxtakarlıq dolu şərhləri ilə.
Alban irsinin gerçək sahiblərinə iftira atan ermənilər iddia edirlər ki, bizim dövlət Azərbaycan ərazisində yaşayan xristian udiləri guya “erməni mədəni irsinin mənimsənilməsinə yönəlmiş təbliğat prosesinə fəal şəkildə cəlb etməyə başlayıb”. Əlbəttə, ermənilərin udilərin guya dövlət tərəfindən bu işə cəlb edildiyi iddiası tamamilə ağ yalandır, bu irsin varisi udilər olduğu üçün onlar öz abidələri, məbəd və kilsələri, bir sözlə, ermənilər tərəfindən oğurlanmış tarixi-dini irsləri uğrunda mübarizə aparırlar.
“Erməniləri çox ciddi şəkildə əndişələndirən məsələlərdən biri odur ki, birdən alban kilsəsinin statusu bərpa edilə bilər”
Ermənilərin Xudavənglə bağlı növbəti kampaniyasına, iddialarına münasibət bildirməsi üçün Alban-udi xristian icmasının rəhbəri Robert Mobili ilə əlaqə saxladıq. Robert Mobili “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu yeni deyil, çoxdankı söhbətdir. “Açığını deyim ki, Xudavəngin alban-udi xristian icmasının idarəçiliyinə verilməsi barədə rəsmi sənəd yoxdur. İkinci də, işğal dövründə ermənilər Xudavəngə ibadətə gəlməyiblər, ziyafətə gəliblər, ora bayram günlərində baş çəkiblər. Sadəcə, biz bu gün alban kilsəsinin dini varisləri kimi ora bayramlara, ziyarətlərə gedirik, orada ibadətlər, öz dilimizdə dualar edirik. Bunları edirik. Amma o kilsənin bizə verilməsi barədə rəsmi sənəd yoxdur.
Söhbət təkcə udilərdən getmir, bütün Azərbaycan o irsin sahibidir, amma udilər onun dini varisləridir. Ermənilər çox qorxurlar ki, birdən o məbədi udilərə verərlər. Udilərə verilməsi də təbii olardı, çünki udilər bu irsin birbaşa dini varisləridir. Ona görə də onlar narahatlıq bildirirlər”.
R.Mobili qeyd etdi ki, bütün Azərbaycan vətəndaşları, bütün Azərbaycan alban irsinin varisləri, o qədim, o zəngin irsin sahibləridir, eyni zamanda burada söhbət ibadətdən gedir ki, orada ibadətlə onun dini varisləri məşğul olur, olacaq da. R.Mobilinin sözlərinə görə, erməniləri narahat edən odur ki, orada udilərin din xadimləri gedib ibadət edirlər: “Erməniləri çox ciddi şəkildə əndişələndirən məsələlərdən biri odur ki, birdən alban kilsəsinin statusu bərpa edilə bilər. Erməni kilsəsinin, Eçmiədzinin boğazında udilər bir sümükdür. Ona görə qorxurlar. Yəni onlar üçün dini baxımdan ən qorxulu tərəf udilərdir. Məsələ budur.
Ermənilərin bu məsələyə toxunmaqda məqsədi aydındır. Onlar istəyirlər, işağldan azad olunmuş ərazilərdə, Qarabağda qədim və zəngin xristian mədəni irsinə dini varislər kimi özlərini saxlasınlar ki, o kilsələr guya erməni kilsəsidir, onların varisi ermənilərdir. Məsələ belədir. Udilər ortaya çıxanda isə, sözsüz ki, onlar narazılıq edirlər. Hətta bu günlərdə onlar “Arsaxın xristian irsi” ilə bağlı Vatikanla birgə böyük bir konfrans da keçirmək istədilər. İndi onların Qarabağla bağlı yeganə tutacaqları qalıb, o da həmin xristian irsi ilə əlaqədardır. O da, sözsüz ki, Xocavənddə olan məbəd və kilsələrdir, Laçında olan Ağoğlan məbədidir. Xudavəng monastır-kompleksi onsuz da bir mirvaridir. Ondan çəkinirlər ki, birdən o kilsəni udilərə, ruslara, başqa xristian kilsələrə verərlər. Bundan qorxurlar. Ona görə də narahatlıq keçirirlər”.
R.Mobilinin fikrincə, ermənilərin köhnə məqaləni təzələməsi, ola bilsin, Vatikanda keçirilməsi nəzərdə tutulan, lakin ləğv edilən tədbirlə bağlıdır. R.Mobili qeyd etdi ki, Azərbaycanın Vatikandakı səfiri nota təqdim edib və Vatikan o tədbiri ləğv edib.
İradə SARIYEVA