AZ

Kamran Əliyev Qətərə səfər edib


Noyabrın 26-27-si tarixlərində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə iştirak üçün Qətərə işgüzar səfər edib.

Baş Prokurorluqdan verilən məlumata görə, nümayəndə heyəti Azərbaycanın Dohadakı səfirliyinə gələrək Heydər Əliyevin büstünü ziyarət edib.

İƏT üzvü olan 57 ölkənin baş prokurorları, ədliyyə, daxili işlər nazirləri, müstəqil antikorrupsiya qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının görüşünü giriş sözü ilə açan ev sahibi - Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad tədbirin işinin tərəf dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində birgə səylərinə verəcəyi töhfədən danışıb, gələcək fəaliyyətdə təşkilatın korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının tətbiqi mexanizmi və icra perspektivindən söz açıb.

İclasda çıxış edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli prioritetlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış ardıcıl islahatlar, hüquqi və institusional tədbirlər barədə xarici həmkarlarına məlumat verib, İslam ölkələri ilə əməkdaşlığa ayrılan xüsusi diqqətin çoxsaylı nümunələrindən biri kimi Məkkə Konvensiyasının qəbul edilməsi təşəbbüsünün ilkin mərhələdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb.

Kamran Əliyev çıxışında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası - COP29, həmin tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla birgə təşkil etdiyi yüksək səviyyəli plenar sessiya, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağın uğurlarına töhfə vermiş İslam ölkələrinin nümayəndə heyətlərinə bir daha təşəkkürünü ifadə edib.

Tədbirdə Azərbaycan İƏT-ə Üzv Dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib.

Səfər çərçivəsində Baş prokuror tərəfindən xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər də keçirilib.

Belə ki, Qətərin nümayəndə heyəti ilə keçirilmiş ikitərəfli görüşdə İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad ortaq dini və mədəni dəyərləri paylaşan ölkələr arasında müxtəlif istiqamətlərdə mövcud olan sıx tərəfdaşlıq əlaqələrinin daim inkişaf etməsindən məmnunluğunu bildirib, öz növbəsində bu əlaqələrin korrupsiyaya qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlığa da töhfə verdiyini qeyd edib.

Səfər zamanı Kamran Əliyevlə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə üzrə Qurumunun (Nazaha) Prezidenti Mazin bin İbrahim Əl Kahmus arasında keçirilmiş ikitərəfli görüşdə 2023-cü ilin noyabr ayında ölkəmizin Baş Prokurorluğu ilə Krallığın Nazaha Qurumu arasında imzalanmış Əməkdaşlıq haqqında memorandumun icra vəziyyəti müzakirə olunub, eləcə də qarşılıqlı əlaqələrin növbəti inkişaf perspektivləri müəyyən edilib.

Həmçinin, Baş prokuror Pakistanın ədliyyə naziri Azam Nazir Tararla görüşüb. Görüşdə transmilli təzahür olan korrupsiyaya qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlıq potensialının daha da gücləndirilməsi məsələləri müzakirə edilib.        

İraqın Federal Dürüstlük Komitəsinin sədri Məhəmməd Əli Əl-Lami arasına keçirilmiş ikitərəfli görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətlərindən bəhs edilib, qurumlararası əməkdaşlıq əlaqələrinin korrupsiyaya qarşı mübarizə sahəsində imzalanması nəzərdə tutulan anlaşma memorandumunun imzalanması ilə yeni və daha intensiv müstəviyə qədəm qoyacağına dair qarşılıqlı inam ifadə edilib.

Bundan başqa, səfər çərçivəsində Kamran Əliyevlə İƏT-in Baş katibi Hüseyn İbrahim Taha arasında ikitərəfli görüş keçirilib. Görüşdə Təşkilatın İslam ölkələrinin həmrəyliyi və tərəqqisində müstəsna əhəmiyyəti vurğulanmaqla, eyni zamanda üzv dövlətlərin cinayətkarlığa qarşı effektiv mübarizə fəaliyyətində də təşviqedici rolu qeyd olunub.

Baş katib öz növbəsində Azərbaycanın İƏT-in işində göstərdiyi fəal və təşəbbüskar mövqeyə görə təşəkkürünü bildirib, ölkəmizin işğaldan azad edilmiş ərazilərinə etdiyi səfərlərlə şahidi olduğu bərpa-quruculuq işlərini təqdirəlayiq bir hal kimi vurğulamaqla, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi faktının İslam dünyası tərəfindən böyük sevinclə qarşılandığını bildirib.

Tədbirlərdə Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev iştirak edib.
www.anews.az
Seçilən
18
20
anews.az

10Mənbələr