AZ

Orta Şərqdə sabitlik yaranmayacaq- RƏY

Sionist rejim mövcud olduqca o coğrafiyada savaşlar bitməyəcək 

 Bu gün İsraillə Livan (Hizbullah) arasında əldə olunan razılaşmada bildirilib ki, İsrail öz ordusunu Livanın cənubundan çıxaracaq, Livan ordusu isə Litani çayının cənubunda, İsraillə sərhəddəki 33 posta təxminən 5000 əsgər yerləşdirəcək.

Eyni zamanda, Hizbullah Cənubi Livanı tərk edəcək, onun hərbi infrastrukturu isə dağıdılacaq. Atəşkəsin pozulacağı təqdirdə İsrailin buna cavab vermək hüququ da tanınıb.

Qeyd edək ki, HƏMAS, Hizbullah və İsrail arasında atəşkəsdən sonra, Qəzza zolağında atəşi dayandırmağa hazır olduğunu açıqlayıb.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, müharibələrdə ən pis amil atəşkəsdir:

"Çünki bu zaman nə müharibə, nə də sülh olur. Görünür, Hizbullahdan sonra HƏMAS-la da atəşkəs razılaşması olacaq. Lakin burada bir sual verilməlidir: İsrail məqsədlərinə çata bildimi? Müharibə başlayanda Netanyahu hökuməti dəfələrlə HƏMAS-ın və Hizbullahın məhv ediləcəyini açıqlayırdı. Gedişatda İsrail Hizbullahı Cənubi Livandan çıxarsa da, HƏMAS-a qarşı uğurlu əməliyyatlar təşkil edilsə də, o, hədəflərinə çata bilmədi".

Ekspert əlavə edib ki, hazırda Orta Şərqdəki müharibədə region güclərinin öz maraqları var:

"Rusiya, Ukrayna mövzusunun ikinci plana keçməsini, İran və ABŞ isə bölgədə vəziyyətin səngiməsini istəyirdi. Yəqin ki, bölgədə söz sahibi olan bu 2 dövlətin iradəsi ilə qarşıdakı dövrdə müharibə səngiyəcək. Lakin bu, müharibənin bitəcəyi mənasına gəlmir. Hesab edirəm ki, İsrail həm Hizbullah, həm də HƏMAS-la sülh bağlasa belə, regionda sabitlik yaranmayacaq. Orta Şərqdə sionist rejim mövcud olduqca o coğrafiyada savaşlar bitməyəcək."

Yusif Sultanoğlu

Seçilən
12
sherg.az

1Mənbələr