AZ

Prezident Əliyev Trampın bu cəhdlərini nəzərdə tutur...

Image

Arzuxan Əlizadə: “Tramp birinci prezidentliyi dövründə İsrailin Azərbaycana silah satışına mane olmayıb”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa zəng edib.

Telefon danışığı əsnasında Prezident Əliyev Donald Trampı Birləşmiş Ştatların Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.

Dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaq. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.

Bütün bu deyilənlərin fonunda, Trampın birinci prezidentliyi dövründə Azərbaycanla münasibətləri möhkəmləndirmək üçün nələrdən, hansı addımlardan danışmaq olar?

“Xüsusən də TAP kəmərinin çəkilməsində onun vacib rolu olub”

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Trampın birinci prezidentliyi dövründə ABŞ-Azərbaycan əlaqələri Baydenin prezidentliyi dövrü ilə müqayisədə çox yaxşı olub. Birləşmiş Ştatlar Azərbaycanın daxili işinə qarışmayıb. Ermənilərə hansısa xüsusi dəstək, böyük maliyyə yardımları göstərilməyib. Düzdür, ümumi yardım olub, amma Baydenin prezidentliyi dövründəki səviyyədə olmayıb. Tramp Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edən 907-ci düzəlişi hər il dondurub. Tramp birinci prezidentliyi dövründə İsrailin Azərbaycana silah satışına mane olmayıb. Halbuki, erməni lobbisi və onlara bağlı olan konqresmenlər dəfələrlə bunun qarşısını almaqla bağlı Trampa müraciət ediblər, amma istəklərinə nail ola bilmədilər. Trampın hakimiyyəti dövründə Azərbaycan Qarabağ problemini böyük ölçüdə həll etdi. Bu da imkan verdi ki, sonrakı dövrdə antiterror əməliyyatları keçirib Qarabağda suverenliyimizi tam bərqərar edək. Tramp birinci prezidentliyi dövründə Azərbaycanın enerji layihələrini hər zaman dəstəkləyib. Xüsusən də TAP kəmərinin çəkilməsində Trampın vacib rolu olub. Məsələ ondadır ki, o vaxt müəyyən dairələr ekoloji təşkilatlar vasitəsi ilə kəmərin çəkilməsinə ciddi maneə törədirdilər. Məhz Trampın İtaliya rəsmiləri ilə görüşlərin birində göstərdiyi qətiyətli mövqe kəmərin tikilməsinə qərar verilməsi ilə nəticələndi. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Trampın ikinci prezidentliyi dönəmində ABŞ-Azərbaycan münasibətləri müsbət istiqamətdə inkişaf edəcək. Tramp Azərbaycanın Cənubi Qafqazda rolunu nəzərə alaraq iki ölkə arasında əlaqələrin inkişafına önəm verəcək”.

Vidadi ORDAHALLI





Seçilən
26
baki-xeber.com

1Mənbələr