AZ

BNTİ ilə Fizika İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub

Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru Qriqori Trubnikovun rəhbərlik etdiyi nümayəndə heyəti BNTİ-də Azərbaycanın tam səlahiyyətli nümayəndəsi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimovla görüşüb.

Bu barədə TƏHSİL.BİZ -ə Fizika İnstitutundan məlumat verilib.

Nümayəndə heyəti akademik Arif Həşimovun müşayiəti ilə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzini və Nüvə Təbabəti Mərkəzini ziyarət edib.

Qonaqlara Nüvə Təbabəti Mərkəzindəki avadanlıqlar haqqında ətraflı məlumat verilib. Nümayəndə heyətinə xərçəng xəstəliklərinin erkən aşkarlanmasında böyük əhəmiyyəti olan Nüvə Təbabəti Mərkəzində təcrübəli kadrların çalışdığı bildirilib. Onların xarici ölkələrdə təhsil aldıqları və təcrübə keçdikləri qeyd olunub. Görüşdə mərkəzlə BNTİ-nin əməkdaşlığının perspektivləri müzakirə olunub.

Sonda nümayəndə heyəti Fizika İnstitutunu ziyarət edib. Akademik Arif Həşimov Fizika İnstitutunun əməkdaşlarının Dubnanın alimləri ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

BNTİ-nin direktoru Qriqori Trubnikov rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar, beynəlxalq əlaqələri haqqında məlumat verib. O, Fizika İnstitutu ilə əməkdaşlığın daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, burada əsas məqamlardan biri Azərbaycanın BNTİ çərçivəsində birgə layihələrin gerçəkləşdirilməsində BNTİ-də çalışan azərbaycanlı alimlərin daha geniş miqyasda iştirakını təmin etməkdir. Bildirib ki, son 10 il ərzində Azərbaycandan Dubnaya gələn gənc alimlərin sayı artıb. O, hazırda BNTİ-də 26 nəfər azərbaycanlı alimin çalışdığını vurğulayıb.

Seçilən
21
tehsil.biz

1Mənbələr