Bakı Dövlət Universitetində (BDU) “Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
QHT.az xəbər verir ki, tədbir BDU-nun 105 illik və Ekoloji kimya kafedrasının 20 illik yubileyinə həsr olunub. Konfransın açılışında BDU rektoru Elçin Babayev ölkəmizin qlobal enerji təhlükəsizliyi, iqlim böhranı ilə mübarizə və "yaşıl iqtisadiyyat" mövzularında fəal mövqe tutduğunu vurğulayıb. O, BDU-da ekoloji tədqiqatlar və “yaşıl enerji” sahəsindəki layihələrin genişləndirildiyini qeyd edib.
Konfransda Ekoloji kimya kafedrasının fəaliyyəti və Azərbaycan üçün əhəmiyyətli ekoloji tədqiqatları haqqında məlumat verilib. Kafedra əməkdaşları 35-dən çox dərslik və 550-dən artıq elmi əsər nəşr ediblər. Kafedranın fəaliyyəti dövründə 23 patent alınıb və 7 qrant layihəsi qalib olub. Tədbirdə akademiklər və ekspertlər ekoloji kimyanın inkişafı və ətraf mühitin qorunması ilə bağlı çıxış ediblər. Konfrans işini 9 bölmə iclasında davam etdirəcək.