Rusiyada, Yekaterinburqda yerləşən bir məktəbdə şagirdlərdən Ukrayna müharibəsində iştirak edənlərə Yeni il təbrikləri yazmaq tələb olunub. Bu tələbi yerinə yetirməkdən imtina edən şagirdlərə isə aşağı qiymət verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "It’s My City” nəşrinə https://t.me/itsmycity/39509 həmin "2" alan şagirdlərdən biri məlumat verib.
Şagirdin sözlərinə görə, məktub yazmaq üçün dərs cədvəlindən iki fənn — İncəsənət və "Mənəvi-əxlaqi mədəniyyətin əsasları” dərsləri çıxarılıb. Təbrik məktubu yazmayan şagirdlər bu hər iki dərsdən də "2" alıb.
Yekaterinburq administrasiyası bildirib ki, şəhər məktəblərində hazırda Ukraynada davam edən müharibədə iştirak edənlərə məktub yazılması üzrə patriotik aksiya keçirilir. Lakin bələdiyyə nümayəndələri vurğulayıblar ki, bu aksiyada iştirak könüllüdür və bununla əlaqədar dərslərin ləğv edilməsinə icazə verilmir.
Rusiyada məktəblilərdən cəbhəyə məktub yazmaq tələb olunması 2022-ci ilin payızından başlayıb. Həmin dövrdə Rusiya prezidenti Vladimir Putin müharibəni uzanan konfliktə çevirmiş, 300 min rusiyalını səfərbərliyə cəlb etmişdi.
Məsələn, Sankt-Peterburqda "Cəbhə poçtu” aksiyası başlayıb. Məktəblilərə əsgərlərə anonim məktublar, rəsmlər, açıqcalar və əl işlərindən hazırlanmış kiçik hədiyyələr göndərmək təklif olunub. Məktub müəlliflərindən aksiyada səmimi iştirak etmələri tələb olunub və bu, göndərilən məktubların məzmununda açıq şəkildə əks olunmalı idi. Məktubların göndərilməsinə məktəblər məsuliyyət daşıyıb.
Bənzər aksiyalar Moskva ətrafında, Leninqrad, Voloqda, Tambov, Tula, Ulyanovsk, Novosibirsk vilayətlərində, Mordoviyada, Krasnoyarsk diyarında və hətta Rusiya tərəfindən işğal olunmuş Mariupolda da həyata keçirilib.
Bundan əlavə, rus məktəbliləri Ukrayna müharibəsi üçün silah hazırlanması və kamuflyaj yaradılması işlərinə cəlb edilib. Tatarıstanın Mamadış şəhərindəki 2 nömrəli liseydə şagirdlərə partlayıcı minaların quyruq hissələrini düzəltmək, yaralılar üçün turniketlər və ampul konteynerləri toplamaq tələb olunub.
Rostov-Donun 65 nömrəli məktəbində "Zаплети-Zащити” (Hərfi tərcümədə "Toxu və qoru”. – red.) adlı aksiya çərçivəsində şagirdlər kamuflyaj örtükləri toxuyub. Krasnoyarsk diyarındakı Yemelyanovka şəhərinin 1 nömrəli məktəbində şagirdlər hərbçilər üçün paltar tikiblər.
Qeyd edək ki, "Zаплети-Zащити" ifadəsi rus dilində yazılıb və burada "Z" hərfi xüsusi vurğulanıb, çünki bu hərf Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə təbliğat simvolu kimi istifadə olunur.
Bütövlükdə, ifadə təxminən "Toxu və qoru" kimi tərcümə olunur. İfadə müharibə ilə bağlı aksiyalarda şagirdləri və ya digər iştirakçıları maskalanma şəbəkələri hazırlamağa və bunları cəbhədə istifadə olunması üçün göndərməyə təşviq etmək məqsədini daşıyır. "Z" hərfi isə bu aksiyanın siyasi və ideoloji məqsədini göstərir.
Alpər