Noyabrın 27-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. Hökumət üzvlərinin də iştirak etdiyi iclasda 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilib.
XALQ.AZ məlumat verir ki, Milli Məclisin bu gün keçirilən iclasında gündəliyi müzakirə olunub.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddinin 285 manat məbləğində müəyyən edildiyini diqqətə çatdırıb. Komitə sədri artıq üç ildir ki, ehtiyac meyarının yaşayış minimumuna bərabər tutulduğunu qeyd edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumatı diqqətə çatdırıb.
Bildirilib ki, qanun layihəsi Vergi Məcəlləsinin 150.6-cı maddəsinə uyğunlaşma məqsədilə hazırlanıb. Belə ki, Vergi Məcəlləsinin 150.6-cı maddəsinə əsasən, vergi ödəyiciləri Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, yaxud vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə həmin Məcəllədə göstərilən ümumi müddətlərdən gec olmamaq şərtilə 30 gün müddətində ödəmə mənbəyində tutulan vergilər barədə vergi orqanına bəyannamə verməyə borcludurlar.
Vahid bəyannamə dörd hesabatın (gəlir vergisi, işsizlik, tibbi və sosial sığorta) birləşməsindən ibarət hesabat forması olduğundan, həmin tədiyyələr üzrə hesabatların verilmə müddətlərinin aidiyyəti qanunlarda (“Sosial sığorta haqqında”, İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında”) tənzimlənməsi və Vergi Məcəlləsinin 150.6-cı maddəsinə uyğunlaşdırılması təklif olunur.
Sənəddə, həmçinin həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə 1 yanvar 2025-ci il tarixindən tətbiqinin ləğvi təklif edilir. Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə ləğvi nəticəsində dövlət büdcəsinin və Dövlət sosial müdafiə fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.