Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində sabah "Olimpik Lion"u qəbul edəcək "Qarabağ" evdə Fransa klubunu yenəcəyi halda, pley-offa yüksəlmək yolunda inamlı addım atacaq. Bəs görəsən təmsilçimizin bu işin öhdəsindən gəlmək ehtimalı nə dərəcədə realdır? "Köhlən atlar"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb bu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" Fransanın sayılıb-seçilən komandasına qarşı oynayacaq. Rəqibin heyətində Lyakazett, Matiç kimi tanınmış ulduzlar başda olmaqla, çox səviyyəli futbolçular var. Əla heyətə malik "Olimpik Lion"un Bakıda müdafiəyə çəkiləcəyini düşünmürəm. Həm "Beşiktaş"a evdə 0:1 hesabı ilə uduzduqları oyuna, həm də başqa bir neçə qarşılaşmalarına baxmışam. Rəqib yaxşı təşkil edilmiş, öz futbol fəlsəfəsinə sadiq, topla oynamağı sevən komandadır. Bundan öncə həm Avropa Liqasında, həm də Liqa 1-də keçirdikləri oyunları təhlil etsək, topu rəqiblərinə verməməyə çalışdıqlarını və bu işi çox yaxşı bacardıqlarını görərik. Fransa təmsilçisi mövqeli hücumlar qurmağı, qol vəziyyətləri yaratmağı xoşlayır.
Təmsilçimizin onların hücumda oynamağı sevməsindən istifadə edəcəyinə inanıram. Fikrimcə, "Qarabağ"a müdafiədə müəyyən boşluqlar verəcəklər. Müdafiənin arxasına atılan toplardan Leandro Andrade, Juninyo kimi sürətli ön xətt oyunçuları faydala bilərlər. Belə ötürmələr etməyi bacaran Marko Yankoviç də heyətdədir. Düşünürəm ki, "Lion" təmsilçimizi öz qapısına sıxışdırmağa çalışacağı üçün "Qarabağ"ın əks-hücumlarla qonaqları cəzalandırmaq imkanları qazanacaq. Məncə, "Qarabağ"ın bu oyunda xal və xallar qazanmaq ehtimalı yüksəkdir. Müdafiədə kompaktlığı qorumaq şərti ilə...
"Qarabağ"ın sürətli cinah oyunçuları rəqib futbolçuları qırmızı vərəqə almağa sövq edə bilsələr, şansımız daha da artar. Düzdür, "Tottenhem"lə səfər matçında meydan sahiblərini azlıqda qoymaq mümkün olsa da, qələbə qazana bilməmişdik. Amma "Olimpik Lion"la matçda say üstünlüyü bizə çox şey verər".
Nihat