“Dünya dəyişkəndir və Ukrayna kimi qızğın savaşın getdiyi ölkədə bunu daha yaxından hiss etmək olur. 3 ildir davam edən müharibədə Qərbin Rusiyanı dayandıra bilməməsi onun nüfuzuna ciddi təsir göstərir”.
Musavat.com bildirir ki, bu fikirlər Ukraynadakı Azərbaycan diasporunun fəalı Yalçın Qəhrəmanoğluna məxsusdur.
Y.Qəhrəmanoğlu dünya güclərinin biganə münasibətinə toxunaraq əlavə edib ki, dünənə qədər arxa planda durmağa üstünlük verən Çin, Hindistan, Brazilya kimi ölkələr siyasi səhnədə aparıcı rol almağa başlayırlar:
“Qərblə münasibətlərində məsafəli və müstəqil siyasət yürüdürlər. Nəticədə bu gün Qərb Trampın inaqurasiya mərasimini gözləyir, hətta neft qiymətlərinə təsir edə bilmir. Qərbin resursu var, amma lidersizlikdən əziyyət çəkir. Fransa Avropa Birliyində bir olduğu Almaniya ilə deyil, Birləşmiş Krallıqla hərbi ittifaq yaratmağa çalışır. Birlik daxilində hər ölkə öz sərhədini kontrol edərək Şengen anlaşmasını qüvvədən salırlar”.
Y.Qəhrəmanoğlu bildirib ki, belə bir məqamda 3 ildir müharibədə qəhrəmancasına fədakarlıq edən Ukrayna öz gücünə arxalanmalıdır:
“Günəş nə Şərqdən, nə Qərbdən doğacaq. Günəş Ukraynadan ya doğacaq, ya da dünya qaranlığa qərq olmağa davam edəcək”.
Musavat.com