Neftin dünya bazar qiyməti 72 dollara qədər ucuzlaşdığı bir vaxtda Rusiya qiymətlərin daha da düşməsinin qarşısını almaq üçün hərəkətə keçib. Rusiya rəsmiləri OPEK+ razılaşması üzvləri ilə hasilatın artırılması planlarının təxirə salınması, əvvəlki dövrdə limitdən artıq hasilat həcmlərinin kompensasiya olunması ilə bağlı müzakirələrin təşəbbüskarlarına çevriliblər.
Belə müzakirələrdən biri də bu gün Rusiya baş nazirinin müavini Aleksandr Novakla Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud və Qazaxıstanın Energetika Nazirliyinin rəhbəri Almasadam Satkaliyev arasında keçirilib. Təmaslar zamanı neft bazarındakı vəziyyəti və OPEC+ çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edilib. Musavat.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, görüş iştirakçıları OPEC+ qrupunun əhəmiyyətini qeyd edərək, qlobal neft bazarında sabitliyin və tarazlığın qorunmasının vacibliyini vurğulayıblar. Həmçinin OPEC+ ölkələri arasında koordinasiyanın və sazişə tam sadiqliyin, o cümlədən hasilatın könüllü azaldılması və artıq hasilat həcmlərinin kompensasiya olunmasının vacibliyini qeyd ediblər.
Qeyd olunur ki, danışıqlar Novakın Qazaxıstana səfəri zamanı baş tutub. Krallığın energetika naziri məsləhətləşmələrdə uzaqdan iştirak edib.
Musavat.com