Bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
O qeyd edib ki, pensiya kapitalı ilə bağlı təkliflər beynəlxalq praktikaya əsaslanır.
"Bununla bağlı biz Sinqapur da daxil olmaqla, bir neçə ölkənin modelini öyrənmişik və həmin modellər əsasında məhz bu təklifəri təqdim etmişik. Təbii ki, daha çox həm qonşu ölkələr, həm də qeyd etdiyim Singapur və ABŞ modelinə baxılıb, Azərbaycan üçün uyğun hesab etdiyimiz məsələlərin təklif formasını təqdim etmişik.
Bunun maliyyə qiymətləndirməsinin aparılması, daha sonra qurumlar tərəfindən qərarların verilməsi mümkündür. Amma biz millət vəkili olaraq təkliflərimizi təqdim edirik və təkliflərin qiymətləndirməsi hökumət tərəfindən aparılır. Çünki onun maliyyə yükünün bütün sektorlara təsirlərinin qiymətləndirməsi həyata keçirilir.
Amma istər pensiya, istərsə də digər sosial istiqamətlərdə təkliflərimizin təqdimatı davam edəcək. Düşünürük ki, pensiya kapitalı ilə bağlı bu gün beynəlxalq praktikada tətbiq edilən üstünlüklərin və ya təcrübələrin Azərbaycanda tətbiq olunması məqsədəuyğun olardı, o cümlədən, pensiya kapitalından istifadə ilə bağlı yeni mexanizmin hazırlanması və tətbiqini məqsədəuyğun hesab edirik", - deyə o bildirib.